“İnsanlar dezinformasiyadan qorunmalıdır” – Stress yaradır

“Hətta günün bütün hissəsini sosial şəbəkələrdə  keçirməməlidir"

"Bəlli saatlarda internetdə olmağı  psixi sağlamlıq baxımından yaxşı təsirlər göstərər”



Azərbaycanda Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunur. Əhali bir aya yaxındır, evdə vaxt keçirir.  Əlbəttə, aktiv həyat tərzi sürən insanların  ictimaiyyətdən təcrid olunması mənfi halların yaranmasına səbəb ola bilir. Həm də evdəki məşğuliyyətlərin eyniləşməsi, günlərin təkrarlanması stress və gərginlik yaradır.  Bəzilərində ruh düşkünlüyü, özünə qapma kimi depressiya əlamətləri müşahidə olunur. Bütün bu mənfi hallarla  mübarizə aparmaq əsas şərtdir. Çünki evdə qalmaq, sağlamlığımızı qorumaq daha vacibdir.

Biz də "Sherg.az" olaraq psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb,  karantin günlərində yaranan psixoloji problemlərin aradan qaldırılması yollarını öyrəndik. Elnur müəllim bildirib ki, karantin rejiminin şərtləri və əhalinin hansı təhlükələrdən qorunması haqda kifayət qədər  məlumat verilib:

"Qalır vətəndaşların əməl etməsi.  Uzun müddət insanların evdə qalması bir çox psixoloji gərginliklərə yol aça bilər.  Ev şəraitində də yarım qalan işlərini görə bilərlər. Ailə üzvləri ilə vaxt keçirib, müəyyən vərdişlər qazanmaq olar. Əvvəllər vaxtları olmurdu. İndi ailənin fərdləri bir-birini daha yaxşı tanıya bilər. İstər valideyn uşağını, istərsə də uşaq qohumlarını... Bu gün informasiya texnologiyaları əsrində yaşayırıq. Virtual şəkildə də doğmalarımızla əlaqə saxlaya bilərik. Bir çox vasitələrdən istifadə etmək olar. Həm də evdə qalıb verilən tapşırıqlara əməl edək ki, kritik vəziyyət tezliklə sona çatsın.  Digər bir tərəfdən tövsiyə edərdim ki, rejimi qorusunlar. Özlərinin günlük sistemi olsun. Yatıb- durmaq saatı, gün ərzində görüləcək işlər nə qədər planlı olarsa, ailədəki gərginlik də azalar. Əks halda isə  stress və ya narahatlıq yarana bilər”. 

Psixoloq onu da qeyd edib ki, vətəndaşlar yalnız rəsmi məlumatlara istinad etsinlər:

"Bu gün yanlış informasiyalar var ki, insanlarda əlavə həyəcan pozğunluqları və psixoloji gərginliklər yaradır. Saxta informasiyalardan qorunmaları karantin müddətini daha yaxşı, psixoloji problemlər olmadan  başa vurmağa kömək edəcək. Bəzən  bilməyərəkdən kimisi gülmək məqsədilə, kimisi insanları həyəcanladırmaq məqsədilə yanlış məlumatlar yayır.  Bir də xüsusi qrup insanlar var. Onların məqsədi ajiotaj yaratmaq, insanları gərginlikdə saxlamaqdır. Təəssüflər olsun ki, belə işlər görürlər. Ona görə də vətəndaş maksimal dərəcədə saxta informasiyalardan qorunmalıdır. Hətta günün bütün hissəsini sosial şəbəkələrdə  keçirməməlidir. Bəlli saatlarda internetdə olmağı  psixi sağlamlıq baxımından yaxşı təsirlər göstərər.

“Koronavirusa yoluxmanın insan  psixologiyası  ilə əlaqəsi varmı?”  sualına gəlincə, Elnur Rüstəmov bunun psixoloji dayanıqlılıqla bağlı olduğunu söyləyib:

 "Koronavirusa qədər də cəmiyyətdə bir qisim insan  daim xəstələnə biləcəyindən, ağır xəstəliyə tutula biləcəyindən narahat idi. Ayda bir dəfə heç bir səbəb olmadan həkim yoxlanışına gedirdilər. Belə hallar dünən də var idi. Bu günün problemi deyil. Həmin insanlar üçün müəyyən qədər çətin olacaq. Ümumiyyətlə elmdə psixoloji dayanıqlılıq xəstələnməmək, xəstələndiyi təqdirdə belə tez sağalmağa müsbət təsir göstərir. Bir insanın yaşaması üçün psixoloji dayanıqlılıq böyük rol oynayır. Sualın cavabına başqa əlavə də  edə bilərəm.   İnsanın düşüncələri nə qədər müsbət  olarsa,  həyatı da bir o qədər pozitiv keçər. Çünki düşüncə həyatımızı formalaşdırır."