Gəncədə baş verənlər xarici dairələrin təxribatı idi: Xalq terrora, sabitliyin pozulmasına "yox" dedi

Aydın Quliyev: "Müəyyən radikal siyasi qüvvələr sosial şəbəkələrdə fəallaşsalar da, cəmiyyət lazımlı səviyyədə yetkinlik nümayiş etdirir"



Dövlətçiliyimizə qarşı qəsd aktı olan Gəncə hadisələrindən artıq bir il ötür. Ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyata keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatıdır.
Dini şüarlarla pərdələnən təxribatçıların niyyəti dövlətlə xalq arasında inamsızlıq və düşmənçilik toxumları səpmək idi. Son vaxtlar ölkəmizə zərər vurmaq istəyən həmin radikal qüvvələrin yenidən fəallaşdığı deyilir. 
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, ötən bir il ərzində Gəncədə baş vermiş hadisələrin bütün qaranlıq və şübhəli tərəfləri ortaya qoyuldu:
“Birmənalı şəkildə rəsmi olaraq təsdiqləndi ki, bu hadisələr dövlətçiliyə qarşı ölkədə sabitliyin pozulması, dini motivlər üzərində yeni aktivlik dalğasının yaradılması, məmurlara qarşı əhali arasında radikal əhval-ruhiyyənin qızışdırılması məqsədi güdürdü. Bir il ərzində diqqətimizi çəkən məqamlardan biri də cəmiyyətin hadisələrə çox ayıq yanaşması oldu. Gəncə hadisələrindən bir il ötməsinə baxmayaraq müəyyən radikal siyasi qüvvələr sosial şəbəkələrdə fəallaşsalar da, cəmiyyət lazımlı səviyyədə yetkinlik nümayiş etdirir. İnsanlar arasında bu hadisələrə demək olar ki, tam anlaşıqlı və perspektivli münasibət mövcuddur. Əhali baş vermiş terror aktının əsl mahiyyətini bilir”. 
A.Quliyev qeyd etdi ki, cəmiyyətimizdə belə hadisələrə hansısa dəstəyin olmaması, əksinə mümkün qədər uzaqda durmaq mövqeyi Gəncədəki terror aktından sonra əldə etdiyimiz ən böyük nəticədir:
“Bu hadisələri sosial şəbəkələrdə yenidən canlandırmaq cəhdləri o deməkdir ki, ölkədə hələ də sakitliyi hədəf kimi seçmiş müəyyən qüvvələr var. Həmin qüvvələr də aktivləşmək üçün bəhanələr axtarırlar”.