“YAP-ın mətbuat konfransının bərpası olduqca perspektivlidir” – Millət vəkili

 
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

Layihənin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Mətbuat konfransının bərpa olunmasının müsbət hal olduğunu deyən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov “Sherg.az”a bildirdi ki, ölkəmizdə həyata keçirilən islahatlar və dövlətin fəaliyyəti ilə bağlı cəmiyyətdə müxtəlif formalarda informasiyalar verilir. 

Onun sözlərinə görə, bu informasiyalar hansısa təşkilatların mətbuat xidmətləri vasitəsilə təqdim olunur:

“Bəzi hallarda isə mətbuat konfransları keçirilir. Rusiya, Türkiyə və digər ölkələrin təcrübəsi göstərir ki, onların ayrı-ayrı qurum rəhbərləri, məsələn, Rusiya XİN mütəmadi olaraq jurnalistlərlə görüşür.

Bu görüşdə ölkə üçün əhəmiyyətli məsələlər jurnalistlərə çatdırılır. Bu, dünyanın əksər ölkəsində belədir. Məhz Azərbaycanda da məlum üsuldan istifadə olunur. 

YAP-ın ənənəvi mətbuat konfransının bərpası əlamətdar haldır. Əminəm ki, mətbuat konfransına müxtəlif sahələrdən dəvət olunan şəxslər özlərinin rəhbərlik etdiyi qurumların fəaliyyəti ilə bağlı mütəmadi olaraq məlumatlandırırlar.

Bu da ölkəmizdə jurnalistlərin istər informasiya əldə etməsi, istərsə də ölkədə baş verən olaylarla bağlı məlumatlı olması üçün önəmlidir. Bir sözlə, mətbuat konfransının bərpası olduqca perspektivlidir”.