Ərdoğan Bakıda çıxış etdi: "Bir kərə yüksələn bayraq, bir daha enməz" - VİDEO (YENİLƏNİB)

Türkiyə Prezidenti çıxışı zamanı qardaş ölkənin Suriyada gerçəkləşdirdiyi antiterror əməliyyatlarından danışıb. 

“Nə vaxtdan bəri terror təşkilatları NATO üzvünə qarşı müdafiə olunur?” - deyən Ərdoğan bildirib ki, Türkiyənin əsas məqsədi Suriyanın şimalını PYD/YPG və İŞİD terrorçulardan təmizləməkdir: 

"Türkiyə Ordusu Suriyanın şimalından hərbi əməliyyatlar başlayandan bəri Türkiyə ərazisinə 700-dən çox raket zərbələri endirilib. Əməliyyatlar zamanı Türkiyənin itkiləri oldu. 18 insan həyatını itirib, 148 nəfər yaralanıb. 3 milyon 650 min ərəb bizim torpaqlarımızda qonaqdır. Axı bunları niyə görmürlər, onlar Suriyadan qaçıblar. Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük. Bu işdə Avropa İttifaqı dəstək verəcəyini vəd etsə də, 3 milyard avrodan başqa bir şey ödəməyib. Biz isə 40 milyarddan çox xərc çəkmişik”.

Türkiyə Prezidenti “Sülh çeşməsi” hərəkatının kürdləri hədəf alması barədə iddiaları əsassız adlandırıb: “Bizim əsas hədəfimiz terrorizmdir”.

Ərdoğan çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözləri ilə yekunlaşdırıb. 

17:23

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk Biznes Şurasının iclasında çıxış edib. 

“Anadolu” agentliyi xəbər verir ki, Ərdoğan çıxışına Bəxtiyar Vahabzadənin gözəl misraları ilə başlayıb:

“Dinimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, aşkımız bir, yolumuz bir, Azərbaycan - Türkiyə”.