Deputat vitse-spikerə cavab verdi: "Sədrin yanında nüfuzunu artırmaq üçün fədakarlıq göstərib"

"Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib. İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq”.

Sherg.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Musfafa Feysbuk hesabında yazaraq, birinci vitse-spiker Ziyafət Əsgərova cavab verib.

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Z.Əsgərov F.Mustafanın ünvanına tənqid səsləndirərək, deputatın iclas zamanı çıxışını telefonla qeydə almasının düzgün olmadığını söyləyib. 
 
F.Mustafa cavabında qeyd edib ki, onu narahat edən məqam başqadır: "Narahat edən, bir elmler doktorunun, Konstitusiya professorunun çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.