Sevda Ələkbərzadə: "Zaman mənim haqlı olduğumu göstərdi"

Əməkdar artistin "O səs  Türkiyə"nin səhnəsində adının çəkilməsindən xəbəri var



“O səs Türkiyə” yarışmasının son proqramlarından birində türkiyəli iştirakçı Ayşenur Gül Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib. Onun “Elə demə” xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.

“Bu, normalda Azərbaycan Xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz “cover” şəklində ifa edib” deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, “Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, "qorxunc" bir istedaddır” sözlərini söyləyib.
Seda Sayan isə “Qorxunc bir qırtlaqdır” deyə, sənətçini tərifləyib.

Qeyd edək ki, Murat Boz bir neçə ay öncə Azərbaycana səfər edərkən də Sevda Ələkbərzadənin heyranı olduğunu söyləmişdi.

Türkiyəli müğənni Murad Bozun Sevda Ələkbərzadə barədə söylədiklərindən Sevda Ələkbərzadənin xəbəri varmı? Sualımızı Əməkdar artistə ünvanladıq. Sevda Ələkbərzadə «O səs  Türkiyənin» səhnəsində adının çəkilməsindən, Murad Bozun onun barəsində söylədiklərindən xəbəri olduğunu bildirdi.

«Şərq»ə açıqlama verən Sevda Ələkbərzadə «Bəli, "O səs Türkiyə"də olanlardan xəbərdaram. Dostlarım mənə məlumat verdilər. Sonradan özüm də həmin kadrları izlədim. Murada yaradıcılığıma belə dəyər verdiyinə görə təşəkkür edirəm. Səbəbsiz yerə deməyiblər ki, musiqinin məkanı, sərhəddi olmur.

Mənə elə gəlir ki, keyfiyyətli musiqinin həqiqətən sərhəddi olmur. Nə deyə bilərəm, vacib olan odur ki, Azərbaycan musiqisi elə böyük müsabiqələrdə səslənir. Əsas odur ki, ölkədən kənarda Azərbaycan musiqisinə maraq yarada bilmişik. Mənim üçün Sevda Ələkbərzadənin adının çəkilməsi vacib deyil, vacib odur ki, Azərbaycan Xalq mahnısına maraq və tələbat var. Təbii ki, musiqimizin inkişafı, müasir gəncliyə  bu musiqiləri sevdirmək missiyası biz ifaçıların üzərinə düşür. Biz gəncliyə milli musiqilərimizi, xalq mahnılarımızı sevdirməyə borcluyuq. Qaldı bu musiqini etno tərzdə təqdim etmək, bu, müasir dinləyicinin qəbul edə biləcəyi tərzdir. Vaxtilə Sevda Ələkbərzadə Xalq mahnılarımıza müraciət edəndə, o musiqiləri yeni aranjimanda, yeni nəfəslə, fərqli tərzdə təqdim edəndə məni yetərincə qınayanlar da oldu. "Xalq mahnılarımıza bu ifa ilə xələl gətirdi" deyənlər də  tapıldı. Gerçək reallıq üçün isə sadəcə bir az zamana ehtiyac varmış. Bu gün etno musiqiyə olan maraq təkcə Türkiyədə deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə çoxalıb. Mən tənqidlərdən çəkinən, onları eşitməkdən qorxan ifaçı deyiləm. Zaman da mənim haqlı olduğumu sərgiləyir».