Dəhşətli qəzalar ən çox həftə sonları baş verir

Ölkə ərazisində baş verən və insan ölümü ilə nəticələnən əksər dəhşətli qəzalar həftə sonları, yolların boş olduğu vaxtlarda yaşanır. Bu fikirlərlə hüquqşünas, yol-nəqliyyat mütəxəssisi Ərşad Hüseynov çıxış edib. Onun sözlərinə görə, son 25 ilin yol-nəqliyyat hadisələrinin araşdırması bunu sübut edir:

“Şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur. Həftə boyu baş verən hadisələrin təxminən 30%-i bu iki günün payına düşür. Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır”.

Ekspert bildirib ki, şənbə və bazar günləri hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var:

“Birincisi, Bakıda və Bakı ətrafında, eləcə də Sumqayıtda, Gəncədə və bəzi digər şəhərlərimizdə tıxac və sıxlıq, demək olar ki, olmur, ona görə də küçə və prospektlərdə nisbətən yüksək sürətlə hərəkət mümkün olur.

İkinci isə şəhərlərarası yollarda hərəkətlilik artır, çünki istirahət günləri rayonlara gedənlər daha çox olur”.

Ə.Hüseynov bildirib ki, sürücülər xüsusilə həftə sonları yollarda daha diqqətli olsalar, baş verə biləcək qəzaların qarşısını ala bilərlər.