Qorbaçova görə imza toplayaq: Nobel mükafatı geri alınsın!

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə çıxış edib. O, bildirib ki, 20 Yanvar faciəsinin əsas təşkilatçılarından olan Mixail Qarbaçovdan Nobel mükafatı geri alınmalıdır:

“Oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil.

Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq olub. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.



Dilavər Əzimli: “Əgər bu “demokratiya” Bakıda tökülən qanı nəzərə almadan belə addım atırsa, deməli doğurdan da onlarla Qarbaçov arasında heç bir fərq yoxdur”


H.Hacıyevin söylədikləri ilə tam razılaşdığını deyən tarixçi-alim Dilavər Əzmli Sherg.az-a açıqlamasında bildirib ki, həqiqətən də Nobel mükafatının Qarbaçovdan geri alınması gec deyil.

Tarixçinin sözlərinə görə, 20 Yanvarla bağlı başa çatdırmadığımız çox işlər var: 

“Bu işlərdən biri də faciəni törədənlərin cəzalandırılmasıdır. Düşünürəm ki, Hikmət Hacıyevin bu yanaşması olduqca yerindədir. Hətta bu yöndə imzatoplama kampaniyasına da başlamaq olar. Bu baş verərsə, ölkəmizdə qanlar tökülməsinə rəvac verən Primakov kimi insanlara  konfrans həsr olunmaz və tələbələrimizə bununla bağlı esse yazdırmazlar.

20 Yanvar faciəsində birbaşa Qarbaçovun imzası ilə nə qədər qanlar tökülüb və ona Nobel sülh mükafatı verilir. Bu nə deməkdir? Mükafatın verilməsi bizim o zamanlar qərb demokratiyası yolunda olan arzularımızı heç elədi. Çünki 1990-ci illərdə biz demokratiya və qərbə ümid edirdik. Əslində qərb demokratiyası şəxsi maraqları üçün bizə sırıdılan bir demokratiya idi. Əgər bu “demokratiya” Bakıda tökülən qanı nəzərə almadan belə addım atırsa, deməli doğurdan da onlarla Qarbaçov arasında heç bir fərq yoxdur. Ona görə də Qarbaçovdan Nobel mükafatını geri almaq hələ gec deyil. 20 yanvar faciəsinin 30 illiyində irəli atılan ən yaxşı təkliflərdən biridir.  Faciəmizin 30 illiyi bununla bitməli deyil. İl boyu işlər görülməli, təşəbbüslər olmalı və müxtəlif təbliğatlar aparılmalıdır”.