SƏRT TƏPKİ:“13 yaşlı qızın qaçırılması cinayətin ən ağır formasıdır”

“Belə adamlar məsuliyyətə cəlb olunmalıdır”


Bakıda 13 yaşlı qızı qaçırıblar. Yevlax rayon sakini 31 yaşlı H.Abdullayeva martın 4-ü səhər saat 04:00 radələrində Polis Bölməsinə müraciət edib. O, martın 3-ü saat 20:00 radələrində 13 yaşlı qızı C.M-nin Elnur adlı şəxs tərəfindən qaçırıldığını bildirib.
Onun sözlərinə görə, həmin şəxs qızı evlənmək məqsədi ilə qaçırıb. Polis əməkdaşları qızın harada olmasını müəyyənləşdiriblər. Yeniyetmə artıq evindədir.


Hadisəni dəyərləndirən “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva “Sherg.az”a  açıqlamasında bildirib ki, 13 yaşlı yeniyetməni qaçırmaq cinayətdir:


“Dəxli yoxdur onu qaçıran nə məqsədlə qaçırıb. O yaşda uşaqla evlənməyə qanunlarımız imkan vermir. Bu, pedofiliyadır, xəstəlikdir, cinayətin ağır formasıdır. Ona görə də belə adamlar məsuliyyətə cəlb olunmalıdır. Azyaşlı qızın evlilik məqsədilə qaçırılması ilə qızın və oğlanın valideynləri barışıbsa, onlar da cinayətə ortaq olduqları üçün məsuliyyətə cəlb edilməlidir.

Belə qız uşaqları ailələrindən müəyyən müddətə təcrid edilməli, psixoloji reabilitasiya keçməlidirlər. Bu işi şüurlu şəkildə görənlərin məsuliyyəti daha böyükdür. Onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar.

Uşaqlara qarşı törədilən istənilən cinayət, dəxli yoxdur bu, evlilik məqsədilə edilir, ya başqa məqsədlə, adekvat cəza ilə qiymətləndirilməlidir. Əgər bunu edənin psixi durumu yerində deyilsə, deməli, o, ətraf üçün təhlükəlidir. Belə adamlar cəmiyyətdən təcrid edilməli, qapalı tipli ruhi dispanserlərə yönləndirilməlidir”.