“Türk Şurasının zirvə görüşü əhəmiyyətli tarixi hadisədir”


"Toplantı Şura üzvlərinin həmrəyliyini sübut etdi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsinə zəmin yaratdı və Pandemiyaya qarşı qlobal mübarizə səylərini gücləndirdi”



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
 Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Zirvə görüşündə çıxış edən Azərbaycan prezidentinin sözlərinə görə, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində “COVID-19” pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir:

“Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.



Dövlət başçısının təşəbbüsü ilə keçirilən Zirvə görüşünü dəyərləndirən  millət vəkili Hikmət Babaoğlu deyib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm Şuranın fəaliyyəti tarixində, həm də beynəlxalq təşkilatların tarixində ilk dəfə olaraq videokonfrans vasitəsilə zirvə toplantısı  keçirməklə bir ilkə imza atıb: 

“Hazırda koronovirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə də yalnız birgə səylərlə mümkündür . Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onların səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır. Bu mənada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var. Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir. Belə olan halda Azərbaycan Prezidentinin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər. Ona görə də Azərbaycan Prezidenti ilk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki , bu zirvə görüşü  bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Hazırkı mərhələdə koronavirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə, mənəvi –psixoloji məsələlər və ümumi həmrəylik də də bir o qədər əhəmiyyətlidir”. 

Millət vəkilinin sözlərinə görə, digər əlamətdar bir məsələ isə  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qatılması  idi. Bu da Azərbaycanın dəvətilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq  keyfiyyəti qazandırırdı:

“ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi. Eyni zamanda bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha  yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı. Şübhəsiz ki , bütün bunların məqsədi  qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsisliyini  birlikdə qorumaq əzmi idi. Ancaq koronavirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır və digər sosial-iqtisadi seferalara da ciddi şəkildə mənfi təsir göstərir .  Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin minimizə edilməsi məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarınn nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tranzit layihələrin hazırkı mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi. Bu sırada Bak-Tibilisi – Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı həm şura üzvlərinin həmrəyli və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində həm də hazırkı vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində  əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı”.