Deputat: “Ermənilər faşizmin cinayətləri Azərbaycanda təkrar ediblər”

“İşğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı çoxsaylı cinayətlər törədilib”

“Azərbaycan ərazilərinin işğalı və işğal edilmiş ərazilərdəki mülki əhalinin öldürülməsi də SS tərəfindən bir qisasdır"


Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb. Bu barədə məlumatı baş nazirin özü sosial şəbəkələrdə paylaşıb. 
Babasının fotosunu yayan N.Paşinyan belə yazıb: 

“Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib”.

Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Nikol Paşinyanın babasının SS-ə xidmət etməsi barədə məlumatların üzə çıxması bir daha onu göstərir ki, ermənilərin əksəriyyəti hələ o zaman faşizm rejiminin tərəfdarı olub və onu dəstəkləyiblər.

Parlamentarinin sözlərinə görə, faşizm rejiminin törətdiklərinin əksəriyyəti insanlığa qarşı ən ağır cinayətlər olub. İşğal edilmiş ərazilərdə mülki əhalinin kütləvi şəkildə qətli məhz SS qoşunları tərəfindən həyata keçirilib:

"Nəzərə almaq lazımdır ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. Belə cinayətləri yerinə yetirən Njde Qaregin və "Dro" ləqəbi ilə tanınan Drastamat Kanayan da erməni olub və onlar məhz SS-ə xidmət ediblər. Amma erməni cinayətkarları məhz Njde Qareginə heykəl qoyublar. Bu, onların SS-ə itaət etmələrinin, faşizmin cinayətlərini dəstəkləmələrinin bir nümunəsidir".

A.Mollazadə hesab edir ki, Ermənistanın baş naziri babası Nikol Paşinyanın da SS-də xidmət etdiyinə görə, Njde Qareginin heykəlinin götürülməsini istəmir.  Deputat qeyd edib ki, bu il bütün dünya faşizm üzərində qələbənin 75 illiyini qeyd edir. Lakin yeganə olaraq, Ermənistan və ermənilər faşizmi dəstəklədiklərini göstərərək ona simvolik heykəllər ucaldırlar:

"Bu, özü-özlüyündə onu göstərir ki, faşizmin cinayətləri ermənilər tərəfindən Azərbaycanda yenidən təkrar olunub və işğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı çoxsaylı cinayətlər törədilib. Beynəlxalq ictimaiyyət yenidən SS-lə bağlı Nürinberq hərbi tribunalının qərarlarını dünyaya xatırlatmalıdır. Biz faşizmə "yox" deməliyik. Azərbaycan xalqı faşizmlə mübarizədə minlərlə vətəndaşını qurban verib. Faşizm üzərində qələbənin qazanılmasında neftçilərimizin də çox böyük rolu olub. Mənə elə gəlir ki, Azərbaycan ərazilərinin işğalı və işğal edilmiş ərazilərdəki mülki əhalinin öldürülməsi də SS tərəfindən bir qisasdır".