“Azərbaycan liderliyi öz öhdəsinə götürdü və dünyaya əl uzatdı”

“Bütün səylərimizi ortaya qoyduq. Heç də hər dövlətin bacarmadığını bacardıq”


Bu günlərdə Prezident İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Videokonfransda  dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir edib və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndiriblər. 
CİSCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru  Kelli Kramer Prezident İlham Əliyevin  COVİD-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və  Qoşulmama Hərəkatı çərçivəsində növbəti görüşün təşkil edilməsində liderlik səylərini nümayiş etdirdiyini bəyan edib.
 Bu onlayn toplantı barədə "Sherg.az"a danışan millət vəkili Asim Mollazadə Azərbaycanın həmrəylik nümunəsi göstərdiyini deyib:
"Azərbaycan çox çətin bir dövrdə liderliyi öz öhdəsinə götürdü. Hökumətimiz dünyaya əl uzatdı. ÜST- ə, müxtəlif ölkələrə dəfələrlə edilən yardımlar bunu sübut edir. Biz bütün səylərimizi ortaya qoyduq. Heç də hər dövlətin bacarmadığını bacardıq. Əlbəttə, bu, beynəlxalq qurumların diqqətindən kənarda qala bilməzdi".