Azərbaycan Qoşulmama Hərəkatında fəaliyyətini uğurla davam etdirməlidir - Politoloq

“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü diplomatik bir addım kimi dəyərləndirirəm. Bir çox ölkənin bu təşəbbüsü dəstəkləməsi Azərbaycanın diplomatik imicinə müsbət təsir göstərir”.

Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib:

“Qoşulmama Hərəkatını bəziləri ciddi, bəziləri boş qurum adlandırsa  da, düşünürəm ki, Azərbaycan bu təşkilatda fəaliyyətini olduqca fəal şəkildə davam etdirməlidir. Qoşulmama Hərəkatında olduqca nüfuzlu ölkələr yer alır. Azərbaycan bu Beynəlxalq tribunadan maksimum səviyyədə öz xeyrinə istifadə etməlidir. Dünya ölkələri arasında Azərbaycan  özünə nə qədər dost qazansa, bu gələcəkdə ölkəmizin xeyrinə işləyə bilər.
Unutmayaq ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi, bəynəlxalq qurumdur”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.