“Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır”

“Ölkəmizə olan inam və etibar getdikcə güclənir” 

“Dağlıq Qarabağın dünyada Azərbaycanın əzəli torpağı kimi qəbul olunması Ermənistanda ciddi narahatlıq yaradır”

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Ölkə başçısı Tovuzda baş verən təxribatla bağlı mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, Azərbaycanın əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı və ermənipərəst dairələri çox narahat edir: 
“Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar ermənilərdə paxıllıq hissini daha da gücləndirib.Mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var.  Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Ceyhun Məmmədov bildirib ki, gün keçdikcə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır. Ölkəmizə olan inam və etibar getdikcə güclənir. Parlament üzvü vurğulayıb ki, son proseslər Azərbaycanın bir çox məsələlərdə mövqeyinin beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini sübut etdi:

“Bunu Dağlıq Qarabağda keçirilən “seçki”lərdə gördük. Eyni zamanda “inaqurasiya” mərasimi ilə bağlı bir çox beynəlxalq qurumların münasibətində şahidi olduq. Azərbaycanın uzun müddətdir, beynəlxalq qurumlarla əməkdaşlığı mövqeyimizi daha da gücləndirir. Münhen Konfransında da Ermənistanın növbəti dəfə məğlubiyyətə uğradığının şahidi olduq. Cənab Prezident tarixi faktlarla ermənilərin irəli sürdükləri bütün yalanları təkzib etdi. Hazırda ermənilər bu həqiqətlə barışmaq istəmirlər. Çalışırlar ki, işğal etdikləri ərazilərlə bağlı mövqelərini gücləndirsinlər. Ona görə də atılan addımlar erməniləri ciddi şəkildə narahat edir. Onlar çalışırlar ki, müxtəlif metodlarla öz işlərini görsünlər. 
Məlumdur ki, BMT-nin xüsusi sessiyasının çağırılmasına dair Azərbaycan BMT-yə müraciət edib və 130 ölkə bu təklifə dəstək verib. Ermənistan təkliflə bağlı təxribatçı mövqeyini ortaya qoydu və razılaşmadı. Bununla düşmən ölkə bir daha iç üzünü ortaya qoydu”.

Millət vəkilinin qənaətincə, Tovuz istiqamətindəki təxribatlar onu göstərir ki, Ermənistan məğlubiyyətlə barışmaq istəmir:

“Ermənilər yenidən bütün dünyanın diqqətini bu münaqişəyə cəlb etmək istəyir. Ona görə də Dağlıq Qarabağ yox, Azərbaycan-Ermənistan sərhəddində təxribat törətdi. Bununla bütün dünya ictimaiyyətinin diqqətini çəkmək istəyirlər. Proseslərin gedişi göstərir ki, Ermənistan uzun müddətdir bu təxribata hazırlaşırdı və planlar qururdu. Əsas məqsəd Azərbaycanın imicinə zərbə vurmaqdır. Guya Azərbaycan Ermənistana hücumlar edib”.

C.Məmmədov qeyd edib ki, son illər bütün dünyanın Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olmasını qəbul etməsi Ermənistanda ciddi narahatlıq yaradır:

“Düşmən ölkə görür ki, onların yalanları dünyada qəbul edilmir, Azərbaycan daha çox dəstəklənir. Ona görə də ermənilər cığallığıa, təxribata əl atır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizin mövqeyi getdikdə daha da güclənəcək və bütün dünya Ermənistanın həyata keçirdiyi təxribatçı siyasəti qəti şəkildə pisləyəcək.
Ermənilər məqsədlərinə nail ola bilmədilər. Ordumuz erməni təxribatının qarşısını aldı və Ermənistan ordusu çox ciddi xəsarətlər aldı, çoxlu itki verdi. Bu, bir daha onu göstərdi ki, ordumuz çox güclüdür və Azərbaycan həm diplomatik, həm də hərbi yolla torpaqlarını işğaldan azad etməyə hazırdır. Ermənilərin bütün cəhdlərinin qarşısı dövlətimiz tərəfindən alınacaq”.

Parlamentari bildirib ki, Azərbaycanın mövqeyi haqq mövqeyidir:

“Ölkə başçısının dediyi kimi, “Kürəkçay” və digər müqavilələr söyləməyə əsas verir ki, işğalda olan torpaqlar Azərbaycanındır. Ermənilər bu bölgələrdə heç zaman olmayıblar. Bütün dünya ictimaiyyəti Azərbaycanın mövqeyini dəstəkləyir”.