Türkiyənin gözü TOVUZDA... ! - Nəbioğlu İstanbuldan “Sherg.az”a danışdı


“Qardaş ölkə həmişə olduğu kimi, indi də Azərbaycanla bərabər yatıb qalxır”

“Bunu anlamaq üçün türk saytlarına və televiziya kanallarına baxmaq yetərlidir”

“Türkiyə  mətbuatında yazılır ki, Minsk qrupu ancaq iki ölkə arasında əsirlərin və cənazələrin dəyişməsində iştirak edir”

“Ona görə də türklər inanır ki, indiki modern Azərbaycan ordusu türk dünyası üçün böyük bir güc və qürur yeridir”




Bu günlərdə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat Türkiyə mediası və cəmiyyətinin daim diqqətindədir. Qardaş ölkə işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınayır. Rəsmi Ankara ilk gündən etibarən ölkəmizə dəstəyini açıq və birmənalı şəkildə bəyan edib. Türkiyə cəmiyyətində ordumuza böyük inam və etibar var. Bütün bunlar əsgərlərimiz və xalqımız üçün ruh yüksəkliyi yaradan amillərdir. Vətəndaşlarımızın bir yumruq altında birləşərək hər an döyüşə hazır olması, digər tərəfdən qardaş dəstəyinin verilməsi erməniləri qorxuya salıb. 

Türklər “bir millət iki dövlət” devizini əsas tutaraq hər zamankı kimi Azərbaycanın yanında oldu. Türkiyə KİV-lərində Tovuzda baş verənlər hər an diqqətdə saxlanılır. Qardaş ölkə Azərbaycanın ağrısını öz ağrısı, sevincini isə öz sevinci kimi qəbul edir. 
Biz də “Sherg.az” olaraq bu münasibəti nzərə alıb, Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu ilə əlaqə saxlayıb, Türkiyə cəmiyyətinin məlum təxribata təpkisi və ya reaksiyasını öyrəndik. 

İ.Nəbioğlu bildirdi ki,  Tovuzda baş verən hadisələr Türkiyədə inanılmaz dərəcədə böyük rezonansa səbəb olub. Onun sözlərinə görə, bu, o qədər də təəccüblü deyil, əksinə təbiidir:

“15 iyul Türkiyədə də çox önəmli bir tarixdir. Türkiyə 4 ildir ki, iyulun 15-ni Demokratiya və Milli Birlik günü kimi qeyd edir. 4il əvvəl Türkiyədə FETO-çuların xaincəsinə dövlət çevrilişi təşəbbüsünün qarşısı alınıb. Türk xalqı bir yumruq kimi birləşib xeyli şəhid və yaralılar verərək çevrilişə son qoydu. Bu baxımdan Türkiyədə 15 iyul ərəfəsində Qərbə meyllənmə var idi.

Bu gün Türkiyə-Azərbaycan münasibətləri bütün tarix boyu ən gözəl illərini, güclü və sağlam bağlarla bir-birinə birləşmiş zamanını yaşayır. Mərhum Heydər Əliyevin söylədiyi kimi, “iki dövlət bir millət” deyimi sözün həqiqi mənasında gün keçdikcə daha da güclənir. Bunun nə qədər müdrik və dahiyanə bir fikir olduğu isbatlanır”.

Jurnalist qeyd edib ki, Tovuz hadisələri başladığı andan etibarən Türkiyənin həm rəsmi orqanlarında, həm müxtəlif internet platformalarında hadisəyə geniş yer verilib:

“Onsuz da Türkiyədə xeyli müddətdir ki, Azərbaycan Ordusunun gücü, cəsur addımları və mili vətənpərvərlik hisslərinin nə dərəcədə yüksək olduğu haqda müxtəlif yazılar, televiziya verilişləri gedir. Bu, türk ictimaiyyətinə yaxşı bələd idi. Dolayısı ilə Tovuz bölgəsində insanların əsgərlərlə, xalqla iç-içə olub ermənilərə qarşı döyüşmələri və şəhid verməyimiz Türkiyədə böyük üzüntü ilə qarşılandı. Amma türklər savaşan millətdir. Onların qəhrəmanlıq tarixləri çox zəngindir”. 

İ.Nəbioğlu vurğulayıb ki, türklər bizi özlərindən fərqli görmədikləri üçün Azərbaycan xalqına və ordusuna güvənirlər:

“Hadisə baş verən kimi Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatı və xarici işlər naziri Mövlud Çavuşoğlunun “Biz Azərbaycan üçün canımızı fəda etməyə hazırıq” deməyi dünya mətbuatında da böyük rezonansa səbəb oldu. Çünki bu açıqlama bir az da diplomatik qaydaları aşaraq söylənilən kəlmə idi. Amma bu kəlmə Türkiyənin Azərbaycana olan sevgisinin, istəyinin, bağlılığının nə qədər dərin və sarsılmaz olduğunu ifadə etmək üçün tələffüz olundu. Bu açıqlamadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 14 iyul tarixində “Biz Azərbaycanın yanındayıq. Ermənistan boyunu aşan addımlar atır”söylədi. Türkiyənin ən yüksək vəzifəli şəxsinin belə cəsarətli ifadə işlətməyi sonuna qədər Azərbaycanın hər mövzuda və sahədə yanında olduğu deməkdir.

Türkiyədə yaşayan azərbaycanlılar ilk dəfə deyil ki, qeyri-adi vəziyyətlə qarşı-qarşıyayıq. Ona görə qeyri-adi vəziyyət deyirəm ki, özümüz xaricdə yaşayırıq, amma ürəyimiz Azərbaycanda döyünür. Bir neçə gündür ki, Türkiyədəki azərbaycanlılar birləşib yürüyüş etmək, harasa gedib səsimizi ucadan qaldırmaq kimi fikirlər səsləndirsək də, əslində buna o qədər də ehtiyac yoxdur. Çünki səsimizi Türkiyədə hara çatdıracağıq? Onsuz da bir neçə gündür ki, Türkiyə həmişə olduğu kimi Azərbaycanla bərabər yatıb qalxır. Bunu anlamaq üçün türk saytlarına və televiziya kanallarına baxmaq yetərlidir”.

Jurnalistin sözlərinə görə, Minsk qrupunun fərsiz və yetərsiz fəaliyyəti haqqında türk mətbuatında Azərbaycan mətbuatı ilə müqayisədə çoxlu yazılar  gedir, daha çox tənqid atəşinə tutulur:

“30 ildən çoxdur ki, davam edən qanlı yaranın həllində bu günə qədər ciddi bir məsafə qət edilməməsi açıq-aşkar Türkiyə mətbuatında da yazılır. Qeyd edilir ki, Minsk qrupu ancaq iki ölkə arasında əsirlərin və cənazələrin dəyişməsində iştirak edir. Konkret bir addım yoxdur. Ona görə də türklər inanır ki, indiki modern Azərbaycan ordusu türk dünyası üçün böyük bir güc və qürur yeridir.
Dünən və ondan qabaqkı gün müxtəlif partiyalar, siyasi cərəyanlar və onların liderlərinin Azərbaycan dövlətinin və ordusunun yanında yer tutmaları haqqında bəyənatları mənfur bir düşmənə qarşı Azərbaycanın milli birlik olmasına ciddi şəkildə zəmanət verdi. Bu da türk mətbuatında və buradakı azərbaycanlılar arasında böyük əks-sədaya səbəb olub”. 

İ.Nəbioğlu onu da vurğulayıb ki, Azərbaycandan gələcək zəfər xəbərləri ölkəmizdə nə qədər böyük sevgi və coşqu ilə qarşılanacaqsa, Türkiyədə də elə qarşılanacaq:

“Türkiyə 4 gözlə ölkəmizdən gələn xəbərləri gözləyir. Artıq türk ictimaiyyətində də buna diqqət çəkirlər ki, hadisələr Qarabağ torpaqlarının xaricində, Azərbaycanın qərbindəki Tovuz, Qazax, Ağstafa bölgəsində baş verdiyindən yavaş-yavaş anlayırlar ki, bu bölgələr bizim üçün nə qədər əzizdirsə, Azərbaycan üçün strateji  bir bölgədir. Çünki bu bölgədən çox önəmli enerji kalidoru, neft və qaz boru xətləri və Azərbaycanı Gürcüstan üzərindən Türkiyəyə birləşdirən avtomobil yolu keçir”.

Jurnalistin qənaətincə, Türkiyədə çox yaxşı başa düşürlər ki, belə həssas bir dönəmdə, dünyada koronavirus pandemiyası digər tərəfdən Rusiyadakı, Liviyadakı, İraqdakı hadisələr, İrandakı çalxantılar bizim nə qədər təhlükəli və həssas bir coğrafi bölgədə yaşadığımızı bir daha ortaya çıxarır:

“Bu baxımdan da möhtəməl provakasiyalara qarşı çox diqqətli olmaq  lazımdır. Türkiyədə də bizim ictimaiyyətimizdə olduğu kimi düşünürlər ki, bir olmaq lazımdır. Düşmənimizin adı məlumdur, mənfur və alçaq ermənilərə qarşı birləşib onlara son sözümüzü deməliyik”.

Türkiyənin sosial şəbəkələrinin Tovuzdan gələn xəbərlərlə aşıb-daşdığını deyən İ.Nəbioğlu qeyd edib ki, müxtəlif yaş qrupundan olan insanlar Azərbaycana dəstək mesajları yazır:

Bəziləri isə hətta Tovuza, Qarabağa gedib vuruşmaq istədiklərini də bəyan edirlər:

Dünya duysun bu sesi, 
bu ses şarkın sesidir.
Peygamberin övdüğü, 
necip ırkın sesidir. 
Bu ses Azarbaycanın, 
bu ses Türk'ün sesidir .
Bu Ermeni tak etti, canımıza tak artık! 
Ya Karabağ ya ölüm! 
Başka yolu yok artık!”.