"Arxa cəbhədə də ayıq-sayıq olmalıyıq"

Ramil Səfərovun atası xalqı birliyə çağırdı


Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərov general Polad Həşimovun həlak olmasından çox üzülüb. Ramil Səfərovun atası Sahib Səfərov “Şərq”ə açıqlamasında bildirdi ki, Ramil Səfərov generalın dəfnində də iştirak edib: 

- Mən dəfn mərasiminə səhhətimlə bağlı gedə bilmədim. Ancaq Ramil dəfndə iştirak etdi. Ramil general Polad Həşimovu yaxşı tanıyırdı, əlbəttə, onun həlak olmasına çox üzüldü. Amma hamımız bilirik ki, şəhidlik müqəddəsdir, şəhidlik ən uca zirvədir. Şəhidlik zərvəsinə yüksəlmək hər oğulun işi deyil. Onlar daim bizim qəlbimizdədir.

Qarabağ müharibəsi başlanandan ikinci dəfədir ki, generalımız həlak olur. Ermənilər sevinməsin, elə zənn etməsinlər ki, bu itkidən biz sarsılmışıq. Əsla! Düşmənin xain oyunları əksinə, xalqımızı daha da gücləndirir, ordumuzu zəfərlərə ruhlandırır. General Həşimovun şəhidliyi sübut etdi ki, bizim ön cəbhədə peşəkar zabit heyətimiz var. Qoy düşmən bilsin ki, belə peşəkar, vətənsevər zabitlər və əsgərlərimizlə biz mütləq qələbə çalacağıq. 

S.Səfərov orduya dəstək yürüşü barədə fikirlərini də “Şərq”lə bölüşdü: 

- Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu istiqamətindəki  vəziyyət  məni də çox narahat edir. Amma bunu demək istəyirəm ki, xalqımız həmişə dövlətin yanındadır. Tovuzdakı vəziyyətlə bağlı dostumuz Məzahir müəllimdən mütəmadi məlumat alıram. Bilirsiz, Məzahir müəllim Ramil haqqında kitab yazıb.

Təkcə Ramil haqqında deyil, Məzahir müəllim şəhidlər barədə kitabların, məqalələrin müəllifidi. Onunla danışıram və tam arxayınlıqla deyir ki, ermənilərin qarşısı alınır, əhalidə böyük ruh yüksəkliyi var. Mən paytaxtda orduya dəstək yürüşünü izlədim. Avtovağzal yaxınlığında oluruq deyə, o insan axınını gördüm.

Xalq Prezidentin arxasında olduğunu, hər addımında onu dəstəklədiyini göstərdi. Amma önəmli məsələ həm də budur; biz necə ki, ön cəbhədə vuruşuruq, arxa cəbhədə də ayıq-sayıq olmalıyıq və təxribatçılara meydan verməməliyik. Azərbaycan polisinə qarşı kobud davranış ümumiyyətlə qəbuledilməzdi.

Mən Azərbaycan polisinin necə rəşadətlə döyüşdüyünü 1988-93-cü illərdə görmüşəm. Ətrafımızda 14 erməni kəndi vardı, polis yerli əhali ilə erməni silahlılarına qarşı döyüşürdü. Polisin vəzifəsi xalqı qorumaq, asayişi təmin etməkdir. Biz onlara bu işdə kömək etməliyik ki, təxribat törətmək istəyənlərin qarşısı alınsın. Belə çətin günlərdə hamımız bir olmalıyıq. Dar gündə hamımız dövlətimizə dəstək olmalıyıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Vətənimizin başı sağ olsun, deyirəm. Ali Baş Komandana uğur arzulayıram. Hamı əmin olsun ki, Azərbaycan torpaq itkisinə yol verməyəcək.