MÜHÜM MESAJ ! - “Ərdoğanın Tovuz hadisələrinə dair çıxışı son hədd idi” – MÜZAKİRƏ 

“Artıq Türkiyə faktiki olaraq məsələyə müdaxilə edib”

“Yəni heç nə əvvəlki kimi olmayacaq. İndiki vəziyyət “Aprel döyüşləri”ndən çox fərqlidir” 
 
“Ermənistanın çox zəifləyib. Pandemiyanın düşmən dövlətdə yaratdığı böhran Paşinyanı çıxılmaz vəziyyətə salıb”

“O, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyirdi”



Ermənistanın Tovuzda başlatdığı təxribatın başqa müstəviyə keçməsi artıq göz qabağındadır. Dünya dövlətləri istər-istəməz məsələyə müdaxilə edir, öz mövqelərini ortaya qoyurlar. Serbiyanın Ermənistana hərbi yardım göstərməsi artıq təsdiqlənmiş faktdır. Düşmən bu həqiqəti dana bilmədi. Amma növbəti məkirli oyununu oynadı. Ermənilər indi də Ukraynanın Azərbaycana muzdlu göndərdiyini iddia edirlər.

Müdafiə nazirimiz yayılan məlumatı təkzib etsə də, hər halda yayılan dezinformasiya vəziyyəti daha da qəlizləşdirir. Yaxın gələcəkdə dünya dövlətlərinin üz-üzə gələcəyini istisna etmir. 

Odur ki, “Sherg.az” olaraq yayılan mıəlumata aydınlıq gətirmək və Tovuz döyüşlərinin fonunda digər qaranlıq məqamları aydınlatmaq məqsədilə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli ilə həmsöhbət olduq:

-Tovuz döyüşləri tədricən qlobal xarakter alır. Bu hərbi əməliyyatları necə qiymətləndirirsiniz?

-Sözügedən lokal toqquşmaların bir neçə səbəbi var. Birincisi, Azərbaycanın 2016-cı ildəki aprel döyüşlərindən sonra əldə etdiyi silahların keyfiyyətini yoxlamaq idi. Sözsüz ki, həm də Ermənistan öz silahlarını yoxlayırdı. Yəni döyüşlər bir növ poliqon xarakteri daşıyırdı. İkinci amil  isə müttəfiqlərin üzə çıxması, necə deyərlər, kimin kim olduğunu görmək idi. Həm də daxili vəziyyətlə yanaşı, regiondakı şəraitin dəyişilməsinə hesablanmışdı. 

-Əgər belədirsə, deməli, hər iki tərəf toqquşmaya əvvəlcədən hazır idi?

-Azərbaycan kimi Ermənistan da bilir ki, lokal toqquşmalar hər zaman ola bilər. Ən azından ona görə ki, danışıqlar nəticə vermir, düşmən işğalçılıq siyasətinə son qoymur, aqressiyasını cilovlamır. Hər cür hərbi əməliyyatların həm də poliqon xarakteri daşıması da məlumdur. Əgər silah təminatı və cəbhə varsa, deməli, texnika sınaqdan keçirilməlidir. Azərbaycanın hərbi texnikasını daim təkmilləşdirməsi, o cümlədən İsraildən müasir silahlar alması heç də təsadüfi deyil. Sadəcə, bir məqamı qeyd edim: Azərbaycan və Ermənistan lokal hərbi əməliyyatlarda yalnız artilleriyadan istifadə edirlər. Suriyada, Livanda isə PUA-lar, elektron cihazlar işə salınır. Bu o deməkdir ki, nə Azərbaycan, nə də Ermənistan mövqe döyüşlərindən kənara çıxa bilir. 

-Dünya dövlətləri bu sınaqdan necə çıxdılar?

-Xüsusilə ilk vaxtlar heç bir ölkə Azərbaycan əleyhinə çıxış etmədi. Serbiya, Gürcüstan müəyyən mənada neytral mövqedən  çıxış etdilər. Türkiyə, Pakistan, İsrail, Ukrayna isə bizə dəstəklərini ifadə etdilər, müttəfiqliklərini göstərdilər. Bundan sonra Ermənistan həmin dövlətləri də hədəfə aldı. 

-Ermənistanın Ukraynanın Azərbaycana kömək etməsi barədə yaydığı məlumat da buna hesablanıb?

-Əlbəttə. Ancaq çətin ki, bu şayiələr bir nəticə versin. Ümumiyyətlə, bu periodda aparılan informasiya müharibəsi çox mühüm səciyyə daşıyır. Xüsusilə, Rusiya mediasında yayılanlar müxtəlif xəbərlər  tərəflərin təəssüratlarına təsir edir, bəzən də manipulyasiya effekti verir. Məsələn, Türkiyə rəhbərliyinin Azərbaycana dəstək bəyanatından sonra düşmən belə bir dezinformasiya yaydı ki, Suriyadakı muzdlu döyüşçülər bura gəlirlər. Həmin məlumatı da Rusiya mediası tirajlamışdı. 

-Bəs niyə Ermənistanın bu dezinformasiyasının hədəfi məhz Ukraynadır?

-Dediyim kimi, bunun ilk səbəbi Ukraynanın Azərbaycanın strateji tərəfdaşı olmasıdır. Amma Ukraynanın xarici işlər naziri ermənidir. O, Azərbaycanla Türkiyəyə münasibətdə məkrli siyasət yürüdür. Buna rəğmən, Ukrayna rəhbərliyinin ölkəmizə münasibəti, yəni müttəfiqliyi dəyişməz qalır. 

-Tovuzdakı hərbi əməliyyatların gələcək taleyi barədə nə düşünürsünüz?

-Toqquşmalar hələ də davam edir. Artıq Türkiyə faktiki olaraq məsələyə müdaxilə edib. Bunun hansı formada özünü göstərəcəyini deyə bilmərəm, lakin Ərdoğanın axırıncı çıxışı son hədd idi. Yəni heç nə əvvəlki kimi olmayacaq. İndiki vəziyyət aprel döyüşlərindən çox fərqlidir. 

-Buna adekvat olaraq digər dövlətlər  reaksiyalarını hansı formada göstərəcəklər?

-Ermənistanın çox zəifləyib. Ələlxüsus, koronavirus pandemiyasının düşmən dövlətdə yaratdığı böhran Paşinyanı çıxılmaz vəziyyətə salıb. O, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyirdi. İndiki niyyəti isə xarici gücləri regiona cəlb etməkdir. Əsas hədəfi ABŞ-ın İrana müdaxiləsidir. Bu, alınsa, Rusiya Qafqazda fəallaşacaq.

Nəticədə başqa güc mərkəzləri də yaranacaq və Ermənistanın imkanları genişlənəcək. Beləliklə, toqquşmalar tamamilə fərqli müstəviyə köçəcək.