Atasının mirası üçün karyerasından vaz keçdi: Xariqələr yaratdı


Uzun illər turizm sektorunda menecer işləyən 38 yaşlı Derya Çöl karyerasından imtina edib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, dünyasını dəyişən atasından qalan mal-qaraya qulluq etmək üçün bütün işini-gücünü atıb. Damazlıq heyvanları artırmaq üçün fəaliyyətə başlayan Çöl bildirib ki, əvvəllər bu işin öhdəsindən gələcəyinə inanmayıb:

"Hər zaman düşünürdüm ki, bu işin öhdəsindən gələ bilərəmmi? Uşaq vaxtı atamla birlikdə tövləyə girirdim, amma  o qədər də incəliklərlə maraqlanmırdım. Təbii ki, bu məsuliyyəti üzərimə götürəndə heyvandarlıq haqqında heç bir məlumatım yox idi.  3-4 ay ərzində bu sahədə müəyyən məlumatlar topladım. Düzdür, həmin müddətdə də tövləyə girirdim. Qışda əldə etdiyim bilgiləri yaz ayında tətbiq edirdim. Bunu təbii ki, sevgi  ilə edirdim. Hər səhər saat 6-nın yarısında qalxıb, işimə başlayırdım. Uğurumun əsl səbəbi  heç vaxt  "off" deməməyimdədir.  Çünki hər səhər yuxudan duranda  bir dəfə də olsun "of, yenə qalxdım" kəlməsini işlətmədim".

İnsanların ona olan tərif dolu baxışlarından xüsusi zövq aldığını deyən Derya Çöl qeyd edib ki, verdiyi qərardan heç də peşman deyil:

"Bura kiçik bir rayondur. İnsanlar burada mənə tərif dolu baxışla baxırlar. Atamın əmlakına toxunmadığımı, onu davam etdirdiyimi hər zaman böyük fəxrlə qeyd edirlər. Bu mənə xoşbəxtlik və əmin-amanlıq verir.

Çoxdan şəhərdən çıxmışam, amma buraya gəldiyimə görə sevinirəm. Çünki əvvəllər səhər saat 9-da oteldə işləyirdim, bəzən gecə 12-də evə yola düşürdüm. Burada isə səhər oyanıram, ilk olaraq tövləyə girirəm və inəklərə baxıram. Onların xəstəliklərinin olub olmadığını, yemlərinin düzgün atıldığına nəzarət edirəm.


Sonra inəkləri sağıram və heyvanları  otlağa aparıram. Bu işləri bitirdikdə artıq səhər saat 10 olur. Bundan sonra özümə vaxt ayırıram. Axşam sağımım bitdikdən  isə südü kooperativlərə göndərirəm və dincəlirəm".

Şəhər həyatının çox məşğul olduğunu diqqətə çatdıran Derya vurğulayıb ki, burada  hər şey təbiidir. "Şəhərdə insan beyni çox yorulur  və hər şey puldur. Amma burada həyat çox rahatdır. Çünki hər kəs bir-birini tanıyır. Məsələn, bazara gedirsən. Hamı ilə salamlaşa bilərsən, çünki hamı tanışdır. Pulun olub-olmamağına baxmayaraq. 



İstehsal çox yaxşı bir şeydir, bunu şəhərdə etmək çox çətindir. Burada sosial mediadan yaxşı istifadə edirəm. İnternet vasitəsilə heyvandarlıqla məşğul olan şəxslərin səhifələrini izləyirəm və həmin səhifələrdən məlumat toplayıram. Günümü demək olar ki, onları araşdırmaqla keçirirəm".