Afərin, Emin!

Yanvarda hərbi xidmətə gedəcək, xeyirxah işlərindən qalmadı

Məktəbqabağı imkansız ailələrin uşaqlarının saçlarını pulsuz səliqəyə saldı


Sosial şəbəkədə bir paylaşım diqqətimizi çəkdi. Bir xanım yazmışdı ki, “oğlum məktəbqabağı salonda aksiya edib. Valideyn himayəsindən məhrum uşaqların saçını pulsuz, təmənnasız formaya salır. Xırdalan ətrafında belə uşaqları, imkansız ailələri tanıyırsınızsa, göndərin, saçlarını düzəltsin”. Paylaşımda bir uşaq şəkli də vardı, saçları səliqəylə “vurulmuş”, daranmış. Amma xanım yazmışdı ki, həmin uşaq imkansız ailəyə, valideyn himayəsindən məhrum olanlardan deyil: “Oğlum o uşaqların şəklini paylaşmır”.

Demək ki, belə xeyirxah, həm də düşüncəli gənclərimiz var. Bəlkə o saç ustasının uşaq hüquqları ilə bağlı məlumatı da yoxdu, amma uşaqların şəklini paylaşarsa, onların sıxılacağını, kompleks yaşaya biləcəyini düşünüb. Niyə kimsə oğlan uşağının sosial şəbəkədə şəklini görüb, “a, bu filankəsdi, saçını pulsuz “vurdurub” deməlidi?!

Paylaşım diqqətimizi çəkdiyindən axtarıb saç ustasını tapdıq. Adı Emindir. Soyadı Yusif. 19 yaşı var. Özü haqqında görək başqa nə deyir: 

- Bir qardaş, bir bacıyıq. Bacım kiçikdi, 6 yaşında. Ailəm Tovuz rayonunun Qədirli kəndindəndi.

Mən kiçik olanda valideynlərim Bakıya gəlib, 5-ci sinfə qədər Bakıda oxumuşam. Sonra müəyyən səbəblərdən məni kəndə göndəriblər, nənəm, babamla yaşamışam və Qədirli kəndi, Cavanşir Sadıqov adına tam orta məktəbi bitirmişəm. Yaxşı oxuyurdum, qiymətlərim “4”, “5” idi. Amma ali məktəbə sənədlərimi vermədim.

16 yaşından bərbər sənətini sevməyə başlamışdım. Qərar vermişdim ki, bərbər olacam. İnternetdə, xarici jurnallarda saç kəsimi fotolarına baxırdım, ustaların necə işlədiyini görürdüm, bu sənət mənə çox maraqlı gəlirdi. Kənddə bərbərxanada şagird kimi çalışmağa başladım. Sonra Bakıya qayıtdım və artıq il yarımdır ki, Xırdalandakı AAF Park yaşayış kompleksində kişi salonunda bərbər işləyirəm. Usta kimi. 

Bəs, imkansız uşaqların saçlarını formaya salmaq ideyası hardan doğub? 

Emin Yusif dedi ki, əvvəlki iş yoldaşlarının sayəsində belə bir aksiya təşkil edib: 

- Dostlarım dedilər ki, belə bir aksiya keçirmək olar. Bu da sənin məktəbə gedən birincilərə hədiyyən olsun. Valideyn himayəsindən məhrum uşaqlar, imkansız ailələr var, onlara hərə bir cür kömək göstərməyə çalışır. Kimin gücü nəyə çatırsa onu edir.

Mənim də əlimdən gələn bu sənətdi, mən də bu cür onları sevindirmək istədim. Feysbukda status yazıb aksiya barədə məlumat verən anamdı.

Razı qalmışdı ki, biz belə aksiya keçiririk. İstəmirdim, paylaşsın, amma razılaşmadı. Amma saçını düzəltdiyim uşaqların şəklini sosial şəbəkəyə qoymadım. Sıxılmasınlar. Hamı sosial şəbəkələri izləyir. Kimsə deməsin ki, valideynləri yoxdu, saçlarını pulsuz düzəltdiriblər...  



- Neçə uşağın saçını formaya salmısan? 

- Sentyabrın 14-ü 8 uşağın. 

- Hardan “tapıldı” o uşaqlar. 

- Bir xanım var, hicablı. Bir neçə uşağı o gətirdi salona. Tanıdığı uşaqlar vardı, vəziyyətlərini bilirdi. Tapşırmışıq, tanıyan-bilən varsa, gətirsinlər uşaqları, hamısına təmənnasız xidmət göstərəcəm. 

Emin yanvarda həqiqi hərbi xidmətə gedəcəyini dedi. “Bəzi problemlər vardı, mənimlə bağlı, ona görə hərbi xidmətə çağırış gecikdi. Yanvar çağırışında mən də hərbi xidmətə gedəcəm”.