Mühüm təklif: “Türk dövlətləri Avropa Birliyinə bənzər qurum yaratsın!”

"Əməkdaşlıq hələ arzuolunan səviyyəyə çatmayıb"

"Əlaqələr bundan sonra daha da möhkəmlənməlidir"


Ötənlərdə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Amreyev arasında telefon danışığı olub. Bu barədə Türk Şurası məlumat yayıb. Qeyd olunub ki, XİN başçısı Ceyhun Bayramov Türk Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yeni təcavüzü qarşısında Azərbaycana verdiyi dəstək və obyektiv mövqeyinə görə təşəkkürünü bildirib. Nazir mülki vətəndaşlar və obyektlərin hədəfə almasının Ermənistanın təxribat siyasətinin bir parçası olduğunu vurğulayıb.

Baş katib isə türk dünyasının qarşıdurma bölgəsindəki hadisələri dərin narahatlıqla izlədiyini bildirərək Türk Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllini dəstəklədiyini qeyd edib.

XİN başçısı Ceyhun Bayramov və baş katib Bağdad Amreyev həmçinin Türk Şurasının gündəmindəki önəmli mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Türk şurasının Azərbaycana dəstəyini “Sherg.az”a qiymətləndirən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bunun təbii olduğunu düşünür: 

“Türk şurası kənar təsirlərə və regiondakı mövqeyinə görə nə qədər ehtiyatla davransa da, onların dəstəyi şübhə doğurmamalıdır. Bizim bütün sahələrdə əməkdaşlığımız var.

Ayrı-ayrı türk birliklərində toplaşmışıq. Fikrimcə, bölgədə sülhün, əmin-amanlığın təmin olunmasına hesablanmış, Avropa Birliyinə bənzər bir qurumun yaradılması da yaxşı olar.

Əgər Avropa özü ayrı-ayrı birliklər yaradırsa, Jirinovskitək nə işlə məşğul olduğu bilinməyənlər niyə türk dövlətlərinin yaxınlaşmasına qısqanclıqla yanaşmalıdırlar? Birincisi, bu birlik heç kimə, o cümlədən Rusiyaya qarşı deyil.

İkincisi isə yaxnılaşmalar, əməkdaşlıq hələ arzuolunan səviyyəyə çatmayıb. Yəni əlaqələr bundan sonra daha da möhkəmlənməli, türk şurasının Azərbayacana dəstəyi artmalıdır”.