“Fransa özünü ifşa etdi”

“Korrupsiyaya bulaşmış Fransa nümayəndələrinin qərarlarının heç bir hüquqi və siyasi əhəmiyyəti olmayacaq”


Fransa Senatı (parlamentin yuxarı palatası) 25 noyabrda Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnaməni müzakirəyə çıxaracaq. Bu barədə Respublikaçılar partiyasından olan Bruno Retayo “Twitter”də yazıb. O, bildirib ki, “Artsax”ın təhlükəsizliyini ancaq onun müstəqilliyini tanımaqla qorumaq olar. Ancaq müstəqillik əhalinin hüquqlarını və azadlığını “türk-islam ekspansiyası”ndan qurtarar. Qətnaməni imzalayanlar ayrı-ayrı partiyaları təmsil edən senatorlardır. Belə bir qətnamə layihəsi oktyabrda parlamentin aşağı palatasına da daxil olub.


 
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə rəsmi Parisin növbəti fitnəkarlığana dair fikirlərini “Sherg.az”la bölüşüb: 

“Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Həmsədr ölkələrdən biri olan Fransada belə hadisələrin baş verməsi onu deməyə əsas verir ki, rəsmi Paris indiyədək Ermənistanı müdafiə edib və heç bir işlə məşğul olmayıb.

Fransa özünü ifşa etdi. Azərbaycan Silahlı Qüvvələri isə Minsk qrupunun vəzifəsini öhdəsinə götürdü və BMT qətnamələrini yerinə yetirdi. Deməli, artıq bu təşkilata ehtiyac yoxdur.

Korrupsiyaya bulaşmış Fransa nümayəndələrinin qərarlarının bundan sonra heç bir hüquqi və siyasi əhəmiyyəti olmayacaq”.