Böyük müharibələr gözlənilmir

Dünya indi təbiətdə baş verən kataklizmlə mübarizə aparır

Rusiya Mərkəzi Elmi Tədqiqat Mühəndislik İnstitutu (“TsNİİtoçmaş”) SSRİ-nin dağılmasından sonra Arktikada səhralarda və digər ekstremal şəraitdə silahların sınanması üçün bağlanmış xüsusi bir laboratoriyanın işini bərpa edib.

Qeyd edək ki, “TsNİİtoçmaş” poliqonunda mənfi 60-dan müsbət 60 dərəcə temperatura qədər çətin hava şərtlərində atıcı silahların, xüsusi qumbaraatanların və kiçikçaplı topların atəş sınaqları üçün nəzərdə tutulmuş laboratoriya binasının sınaq kameralarının sertifikatlaşdırılması başa çatdırılıb.

Digər tərəfdən, 1990-cı illərin əvvəllərindən etibarən sınaq bazasının saxlanılması maliyyələşdirilməyib. Nəticədə laboratoriya yararsız vəziyyətə düşüb və avadanlıq köhnəlib. Bununla yanaşı, elmi-texniki mərkəzin rəhbəri Sergey Karasev mütəxəssislərin köhnəlmiş unikal sınaq texnologiyasını bərpa etməyi bacardıqlarını söyləyib.

Siyasi-şərhçi İlyas Hüseynov “Şərq”ə açıqlamasında SSRİ-dən qalma hərbi laboratoriyanın aktivləşdirilməsinin böyük müharibələrin başlanması ilə bağlı gözləntilərin özünü doğrultmayacağını vurğulayıb. İ.Hüseynov qeyd edib ki, 2020-ci ildə baş verən qlobal proseslər göstərdi ki, indi daha çox həmrəyliyə və birliyə ehtiyac var:

“Çünki hazırda təbiətdə baş verən kataklizmlər, qlobal istiləşmə və digər hadisələrə qarşı dünya ictimaiyyətinin birləşməsi daha çox əhəmiyyət kəsb edir”.