“Hadrutdakı təxribat bəyanata zərbədir” – Rusiya izi... !

“Əslində bu hücumun məsuliyyəti bütün hallarda Ermənistanın üzərinə düşür”

“Baş verən olaylarda Rusiyanın da payı var”

 Ya Ermənistan təminat verməlidir, ya da diversiya aktlarını təşkil edənlərə qarşı üçtərəfli hərbi əməliyyat keçirilməlidir”

 

Hadrut təxribatı onu göstərdi ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın şərtlərinə  işğalçı Ermənistan əməl etmək istəmir. Düşmən dinc dayanmır. Necə deyərlər, “farağat” vəziyyətində qala bilmirlər. Nə əsgərləri, nə də hərbi-siyasi hakimiyyəti...Elə isə nə vaxtadək belə davam edəcək? “Tərs şillə” vaxtı deyilmi?!
Siyasi analitik Züriyə Qarayeva Hadrut təxribatı barədə “Sherg.az”a danışarkən bildirib ki, günah təkcə Ermənistanın yox, həm də Rusiya sülhməramlıların boynuna düşür: 
“Hadrutda əsgərlərimizə terrorçuların hücumunu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyannamənin icrasını pozmağa və bu yolla hakimiyyəti Paşinyanın əlindən almağa  çalışan erməni müxalifət qüvvələri sifariş etmişdilər. İnsident Paşinyanın növbədənkənar parlament seçkiləri barədə açıqlamasından sonra baş verib.

Artıq Azərbaycanla birbaşa dialoq aparacaq və ya yeni silahlı münaqişəni elan edəcək Vazgen Manukyan tipli revanşist axtarırlar. Bununla yanaşı, az-çox praqmatik əhval-ruhiyyədə olanlar yaxşı anlayırlar ki, növbəti müharibə Ermənistan üçün yeni, daha sarsıdıcı məğlubiyyətlə nəticələnəcək. Əslində bu hücumun məsuliyyəti bütün hallarda Ermənistanın üzərinə düşür.

Zənnimcə, baş verən olaylarda Rusiyanın mövqeyinin də payı var. Qarabağdakı qondarma rejimin bez parçasının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb.

10 noyabr tarixli üçtərəfli bəyanatda statusla bağlı heç bir qeyd yoxdur.  Bununla belə, Rusiya rəsmilərinin bəyanatlarında Dağlıq Qarabağın gələcək statusları ilə bağlı fikirlərə rast gəlinir. Rusiya sülhməramlılarının bunu etməkdə məqsədi nədir?  Qarabağın statusu nə indi, nə də gələcəkdə müzakirə predmeti olmayacaq. Bu gün statusla bağlı Azərbaycan və erməni tərəfində olan anlayışlar arasında böyük fərq var. Bu məsafəni 44 günlük vətən müharibəsində ölməz Şəhidlərimiz qanları ilə çiziblər.

Azərbaycan  Qarabağa özünün  bir regionu kimi, adi bir vilayəti kimi baxır. Azərbaycan həmin regionun erməni vətəndaşlarının digər Azərbaycan vətəndaşları kimi bərabər hüquqluluğunu maksimal dərəcədə təmin edəcəyini bildirir. Ermənistan rəhbərliyi isə Qarabağın əvvəlki statusunun qalmasının tərəfdarıdır. İrəvan ancaq ermənilərdən ibarət olan və Laçın dəhlizi vasitəsi ilə monoetnik Ermənistana inteqrasiya olunmuş “tanınmamış respublika”nın qalmasını və bütün bu prosesin Rusiya sülhməramlılarının qorumasını istəyir. Bu iki anlayış arasında böyük məsafə var. Bu xəyalları Azərbaycan ermənilərin də, onları aldadanların da könlündə qoyacaq gücə malikdir.

Qarabağ bir region kimi Azərbaycanın siyasi, dövlət və iqtisadi məkanına tamamilə inteqrasiya etməlidir. Bunu həm də Birləşmiş Millətlər Təşkilatının əsas prinsipləri deyir.

Lakin bu yolu keçmək yetərincə çətindir. Azərbaycan  Qarabağda yeni müharibə istəmir. Azərbaycan kommunikasiyaların tamamilə açılmasına və ermənilərin ölkə məkanına inteqrasiyasına üstünlük verir.

O ki qaldı Rusiya sülhməramlılarına, onlar daha çox Ermənistan tərəfinin mövqeyinə qulaq asırlar.

Düşünürəm ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə əməkdaşlığı maksimal dərəcədə gücləndirməlidir. Onlarla daha çox təmasda olub, danışıqlar aparılmalıdır.Tarixi, mədəni, etnik baxımdan tutarlı faktlarla onlara izahlar verilməlidir. Rusiya sülhməramlıları bu vəziyyətdə Azərbaycan tərəfini, onun düşüncəsini, məntiqini daha çox anlamağa başlayacaqlar”.




Z.Qarayeva, həmçinin məsələnin yoluna qoyulması variantları barədə də söz açıb: 

“Qondarma rejimin qərarının Rusiya sülhməramlılarının fonunda nümayiş olunması isə istənilən halda  qəbuledilməzdir. Çünki  atəşkəslə bağlı razılaşma, qondarma rejimlə Azərbaycan arasında deyil, Ermənistanla Azərbaycan arasında bağlanıb. Üçtərəfli bəyanatda heç bir “tanınmamış respublikanın” adı yoxdur.

Ona görə də Azərbaycan tərəfi Rusiyaya təklif etməlidir ki, sülhməramlı əməliyyat prosesində ancaq Azərbaycan, Rusiya, Ermənistan və BMT-nin simvolları nümayiş olunsun. Rusiya sülhməramlıları bununla tamamilə razılaşacaqlar. Azərbaycan  Rusiya sülhməramlıları ilə daha çox kommunikasiya qurmağa çalışmalıdır. Xocavənd rayonunda Azərbaycan hərbçilərinə hücum, atəşkəs sazişinə zərbədir. Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması təmin olunmalıdır.

Fikrimcə, bu təxribat Paşinyan hökumətini devirmək istəyənlərin planıdır. Çünki rəsmi İrəvan yaxşı başa düşür ki, atəşkəsin pozulması qalib Azərbaycan Ordusunun döyüş fəaliyyətini davam etdirməsi və qalan əraziləri də nəzarətə götürməsi ilə nəticələnəcək. Bu fəlakət isə Ermənistan əhalisinin Paşinyana daha çox nifrət etməsinə gətirib çıxaracaq.

Hesab edirəm ki, atəşkəsin pozulması ilə ya ultramillətçi təşkilatlar, “Daşnaksütyun”, “Sasna Tsrer”, ya da Dağlıq Qarabağ və ətraf rayonları 90-cı illərin əvvəlində işğal edən və bu gün ordan çıxmağa etiraz edən hansısa erməni qrupları məşğuldurlar.

Həmin erməni qrupları ilə ultramillətçilər arasında hansısa bağlılığın olması da mümkündür. Bütün hallarda bu cür partizan fəaliyyətinin məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan ya təminat verməlidir ki, bu cür hallar baş verməyəcək, ya da həmin qruplara, diversiya aktlarını təşkil edənlərə qarşı üçtərəfli hərbi əməliyyat keçirilməlidir. Erməni diversantlara qarşı əməliyyatda Rusiya, Azərbaycan və Ermənistan hərbi bölmələri iştirak etməlidir.

Belədə regionda hamının təhlükəsizliyi təmin olunar. Əgər indiki halda ancaq Azərbaycan tərəfinə hücumlar olursa, onda ilk növbədə Azərbaycan hərbçilərinin və gələcəkdə isə oraya qayıdacaq Azərbaycanın dinc əhalisinin təhlükəsizliyi təmin olunmalıdır. Bu, çox vacibdir. Artıq indidən bu haqda düşünmək lazımdır”.