ABŞ-dan “Şərq”ə açıqlama: “Buradakı seçkilərdə mübahisəli bir məqam var” – Sirr pərdəsi çəkilir 

“Onlayn və poçtla göndərilən səslərin müəyyən müddətdən sonra daxil olmasının nəzərə alınmadığı əsas gətirilir”

“Seçicilər poçtla səslərini yollayıblar, amma bu səslər seçkidən 2 gün sonra gəlib. Tramp bütün bunların saxtakarlıq olduğunu söyləyir”

“Təbii ki, bu prosesin bütün məsuliyyəti Trampın üzərinədir”

“Belə hadisələr Amerika üçün olduqca təhlükəlidir. Çünki ABŞ-dakı insanlar silahlıdırlar” 


ABŞ-da keçirilən prezident seçkisindən sonra yaranan xaos davam edir. Ölkədə baş verən iğtişaşlar gün keçdikcə daxili gərginliyi dərinləşdirir. Bəlkə də indiyə qədər ABŞ-da bu cür qalmaqallı seçkilər olmayıb. Bu baxımdan “Demokratiyanın beşiyi” adlandırılan Amerikadakı proseslər dünya ictimaiyyətini şoka salıb. Donald Trampın seçkilərin şəffaf keçirilməməsi ilə bağlı səsləndirdiyi fikirlər bütün ölkələrin diqqətini bura yönəldib. Konqres binasında yaşanan olaylar isə ABŞ-dakı demokratik mühitlə bağlı suallar yaradır.

Ötənlərdə Tramp tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Etirazçılar polisin mühasirəsini yararaq Konqres binasına daxil olublar. Nəticədə bina daxilində atışma baş verib. Baş verən qarışıqlıqda 5 nəfər həlak olub, 50 nəfərdən çox insan qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib.
Amerikanın əsas rəqiblərindən olan Rusiyanın sözügedən iğtişaşlarda əlinin olması əsas müzakirə mövzusudur.

Amerikada yaşayan tanınmış politoloq, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu Vaşinqtonda baş verən prosesləri “Sherg.az”a dəyərləndirib.
Politoloq ABŞ-dakı iğtişaşlarda Rusiya “əli”nin olmadığını düşünür:

“Amerikada seçkilərin saxtalaşdırılması iddiasını konkret olaraq Donald Tramp irəli sürüb. Hələ 2016-cı il seçkilərində Tramp deyirdi ki, seçkilər saxtalaşdırılacaq. Hətta açıq şəkildə bildirirdi ki, mən seçilsəm, deməli hansısa saxtalaşma olmayıb. Hazırda ABŞ-da baş verənlərin də başlıca səbəbkarı Trampın özüdür. Bu da onun şəxsi keyfiyyətlərindən irəli gəlir. Tramp məğlubiyyətini etiraf etmək istəmir. Seçkilərin saxtalaşdırılmasını təsdiq və ya təkzib etmək üçün kifayət qədər məlumat və təcrübəm yoxdur. Böyük ehtimalla saxtalaşdırma olmayıb”.

Ə.Oruclu qeyd edib ki, Amerikadakı seçkilərdə mübahisəli bir məqam var:

“Onlayn və poçtla göndərilən səslərin müəyyən müddətdən sonra daxil olmasının nəzərə alınmadığı əsas gətirilir. Məsələn, seçicilər poçtla səslərini yollayıblar, amma bu səslər seçkidən 2 gün sonra gəlib. Tramp bütün bunların saxtakarlıq olduğunu söyləyir. Ona görə də nəticələrlə razılaşmayan Tramp öz tərəfdarlarını etiraza çağırdı. Çünki həmin gün Konqresdə seçkilərin nəticələri təsdiqlənməli idi. Onlar isə Konqresin binasına hücum etdilər, dağıtdılar, polisə müqavimət göstərdilər. Təbii ki, bu hadisənin bütün məsuliyyəti Trampın üzərinədir”.

Rusiyanın baş verənlərdə iştirakına gəlincə, Ə.Oruclu söyləyib ki, belə iddialar Amerika mediasında da bir qədər şişirdilmiş formada yer alır:

“Ümumiyyətlə, son illər ABŞ-da bir tendensiya yaranıb. Ölkənin daxilində baş verən bütün günahlarda Rusiya izini axtarırlar. Əlbəttə, müəyyən dərəcədə Rusiyanın “əli” ola bilər. Rusiyanın Trampla yaxınlığı barədə Amerika mətbuatı da qeyd edib. Müvafiq komissiya yaradılıb və komissiya Trampın Rusiya ilə əlaqələrini araşdırıb. Araşdırma zamanı dolayı əlaqələr ortaya çıxdı, amma sübut kimi bir fakt tapılmadı. Bundan sonra rusiyalı hakerlərin hələ 2016-cı il seçkilərinə müdaxilə etdiyi qismən təsdiqləndi.

Təəssüf doğuran budur ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi Vaşinqton cəmiyyətində 4 ildir ki gündəmdə saxlanılıb. Faktiki olaraq insanlara şüuraltı şəkildə aşıladılar ki, seçkilərin müqəddəratını siz həll etməlisiniz. Əslində bu, pis tendensiya idi və cəmiyyəti də qütbləşdirdi. Amerikada siyasi kəsim qütbləşdi. İqtidar-müxalifət və yaxud partiyalararası mübarizə formatından az qala düşmənliyə keçdi”.

Politoloqun fikrincə, müəyyən radikal kəsim Trampın çağırışına müsbət reaksiya verdi və son hadisələr yaşandı:

“Belə hadisələr Amerika üçün olduqca təhlükəlidir. Çünki ABŞ-dakı insanlar silahlıdırlar. Amerika şəxsi silaha rəsmi icazə verən ölkədir. 340 milyon amerikalının əlində faktiki olaraq 400 milyondan yuxarı odlu silah var. Bu, çox pis göstəricidir. Belə olduğu halda həmin insanların bir qismi silaha əl ata, polislə atışmaya gedə bilər. 

Ona görə də hadisələrdə rəsmi Moskvanın “əli”nin olması çox şişirdilib. Rusiya ABŞ kimi güclü dövlətin daxilində bu cür iğtişaşlar törədə bilməz” .