Bir vaxtlar xəyal idi...

Hansı marketə daxil olursan, 60 qəpiklik pomidorla rastlaşırsan

"Azərbaycan pomidoru bir çox ölkələrdə yetişdirilən pomidordan dəfələrlə keyfiyyətlidir"

Yanvar ayında kiloqramı 50-60 qəpiyə pomidor illər öncə bir xəyaldı. Nədən bu xəyal hazırda gerçəyə dönüb? Satıcıların bazarı başına alan səslərində belə anons edilir: “Gəlin, pomidor 50 qəpik! Ruslar geri qaytarıb, gəl, apar!”. Demək, ixrac edilən məhsul geri qaytarıldığından bazarda pomidor bolluğu yaranıb. Əksəriyyətimiz də “bəyənmirlər, bəyənməsinlər. Özümüz yeyərik” deyib pomidorları həvəslə, tələsik alırıq. Qışda ucuz pomidor lap göydəndüşmədi. Amma geri qaytarılan pomidorun həqiqətən də keyfiyyətsiz və hətta insan orqanizmi üçün zərərli ola biləcəyinə diqqət etmirik, bunu ciddiyə almırıq.

Məsələ burasındadır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bazarlarda monitorinqlərə başlayıb, o cümlədən pomidorların keyfiyyətini yoxlanacağı qeyd edilir. Dekabrdan əhali ucuz pomidor “keyfi” yaşayır. AQTA indi yoxlamalara başlayır. Bəs pomidorları indiyədək həzm-rabedən keçirməyimiz necə olsun? Olmazdı ki, pomidorlar geri qaytarıldıqda daxili bazara buraxılmamış yoxlamadan keçirilsin?     
  
Qeyd edək ki, Azərbaycan məhsulunu təkcə Rusiya deyil, Qazaxıstan da geri qaytarıb. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Azərbaycandan idxal edilən pomidorlarda pomidor güvəsinə yoluxma aşkar edildiyini bildirib. Bununla əlaqədar olaraq, Rusiya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müvafiq bildirişlər göndərib.

Yoluxma faktları ilə əlaqədar Azərbaycanın 5 müəssisəsindən, "Aqro Favorit" MMC, "Binə Aqro" QSC, "Agroterm" MMC, "Xızı Aqropark" MMC və fiziki şəxs Məmmədov Vilayət Rüstəm oğlundan pomidor idxalı dayandırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.

Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı isə bildirilir ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusu aşkarlanıb. Bununla bağlı 2021-ci ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə məlumat nə zaman veriləcək, bəlli deyil. Yediyimiz pomidorların bizə ziyanı nə ola bilər?   

Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru Qadir Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan pomidoru dünyanın bir çox ölkələrində yetişdirilən pomidordan çox keyfiyyətlidir: 

- Rusiyanın Azərbaycan məhsulunu geri qaytarması subyektiv qərardır. Bunun qida təhlükəsizliyi ilə heç bir əlaqəsi yoxdur. Vaxtilə Türkiyə ilə Rusiya arasında da belə hal yaşanmışdı. Ümumiyyətlə, biz belə halların zaman-zaman şahidi oluruq. Azərbaycan pomidoru bir çox ölkələrdə yetişdirilən pomidordan dəfələrlə keyfiyyətlidir.

Azərbaycan məhsullarını Avropa Birliyi ölkələrinə ixrac etmək istəyirsə, keyfiyyət göstəricilərinə diqqət etməlidir. Rusiya Azərbaycan məhsulundan imtina etməklə öz bazarlarında qıtlıq yaradır. Rusiya özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarında deyil. Qısa müddət sonra bazarda tələbat yaranır, məcbur olub, yenidən ixrac amilinə üz tuturlar.

Amma Azərbaycan kənd təsərrüfatı sahəsində fəaliyyəti elə qura bilər ki, həm ixracat üçün məhsul yetişdirər, həm də daxili bazarı təmin edər. Rusiyadan məhsul geri qaytarıldıqda gördük ki, daxili bazarda bolluq yarandı. Fermer üçün məhsulun geri qaytarılması zərərlidir, israfdır. İtkidir. Amma Azərbaycan yeni bazar axtarışları edə bilər.

Məhsulun xarici bazarlarda qəbul edilməsi üçün də onun keyfiyyət göstəriciləri yüksək olmalıdır. Hazırda Avropa Birliyi ölkələri orqanik – ekoloji təmiz məhsullara üstünlük verir. Belə məhsulların qiyməti də baha olur.

Azərbaycanın  ekoloji təmiz məhsul yetişdirməsi üçün bütün imkanları var. Əsas gübrənin miqdarına diqqət edilməlidir ki, normadan artıq olmasın. Amma sizə bir şeyi deyim. Nə etsək də, istixana şəraitində yetişdirilən məhsulun dadı tarla məhsulunun dadını verməyəcək. Keyfiyyət də həmin keyfiyyət olmayacaq. İstixana şəraitində də məhsulu normala maksimum əməl etməklə yetişdirmək lazımdı.

Fermerlər ona görə gübrənin miqdarını artıq edir ki, məhsul çox əldə edilsin və mümkün zərərlərini qarşılaya bilsin. Amma fermerə dəstək verilsə, ondan keyfiyyətli məhsul yetişdirmək tələb olunar, bazara da keyfiyyətli məhsul çıxarılar, ixrac məhsulu da keyfiyyətli olar. 

Q.Bayramlı qeyd etdi ki, yetişdirilən məhsulların keyfiyyətini yoxlayacaq xüsusi qurum olmalıdır: 

- Gübrə miqdarını nizamlamaq üçün fermerlərə vaxt verilməlidir. Məhsulları yoxlamadan keçirəcək xüsusi qurum olmalıdır, tərəfsiz, qərəzsiz, obyektiv müayinə aparılıb, dəqiq analiz edilməlidir. Həm də, bilirsiz, problem daha çox ölkəyə gətirilən məhsulların keyfiyyəti ilə bağlıdır. Bizim üçün hər şeydən əvvəl əhalinin sağlamlığıdır. AQTA-nın müəyyən fəaliyyəti var. Lakin yetərli deyil. Çalışmalıyıq ki, vətəndaşa sağlıqlı məhsul verək.