Hədəflər dəyişib

Qərbin və ABŞ-ın Rusiyanı tam parçalamaq planı yoxdur

Ən azından bu niyyət Çinlə hesablaşma bitənə qədər aktual ola bilməz

"Qərb Rusiyanı Sovet İttifaqı kimi parçalamağa cəhdlər göstərməyə başlayıb”. Bunu rusiyalı politoloq İqor Korotçenko deyib. Ekspert Qərbin müxalifət lideri Aleksey Navalnının həbsi ətrafında oyun oynadığını iddia edib: “Qərb artıq müxalifət lideri Aleksey Navalnıya dəstəyini gizlətmir, onun hakimiyyətə gəlməsi üçün şərait yaratmağa çalışır. Qərbin burada bir sıra məqsədləri var. İlk növbədə, Rusiyanı zəiflətmək və iplərini öz əlinə almaq üçün müdafiə qabiliyyətini, iqtisadiyyatını, elmini, texnoloji inkişafını sarsıtmağa çalışır və Navalnıdan bu məqsədlə istifadə edir.

Ölkəmizin tarixində belə hal artıq baş verib. Buna görə də bu gün Qərb Navalnının köməyi ilə Sovet İttifaqının dağılması ilə nəticələnən uğurlarını təkrarlamağı gözləyir".

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən politoloq Xəyal Bəşirov bildirib ki, zamanında dünyanın super güclərindən biri olan Sovetlər Birliyi Qərbin və xüsusilə də, ABŞ-ın əsas hədəfi olub. Onun sözlərinə görə, həmin dövrlə yanaşı artıq şərtlər də dəyişib: 

"Düzdür, ABŞ özünün qərbli müttəfiqləri ilə SSRİ-ni məğlubiyyətə uğratdı. Bu prosesdə onun yaxın qonşularından da məharətlə istifadə edildi. SSRİ-nin siyasi və hüquqi varisi olan Rusiyanın da tam parçalanması və ondan sonra yarana biləcək çoxsaylı idarəolunmaz dövlətlər təbii ki, Qərbi qane etmir. Ancaq bu prosesə mane olan əsas amil Çinlə bağlıdır. Əksinə, dünya miqyasında "parçala, hökm sür" taktikasını məharətlə həyata keçirən güclər vaxtilə SSRİ-ni dağıtmaqda yararlandıqları Çinin özünə qarşı Rusiyanı hazırda istifadə etməkdədirlər. SSRİ-yə qarşı mübarizədə Çin də iştirak etsə də, əslində onların Qərblə maraqları yalnız Sovetlər Birliyinə münasibətdə uzlaşırdı. Ancaq hazırda vəziyyət və hədəflər tam dəyişilib. ABŞ-ın və Qərbin əsas düşməni və narahatçılıq obyekti hələ XIX əsrin əvvəllərində dahi Napoleon tərəfindən “yatmış nəhəng” adlandırılan Çin dövlətidir".

X.Bəşirov vurğulayıb ki, hər gün inkişaf edən və mövcud potensialı ilə fövqəldövlət olan ABŞ-a hələ ki, yeganə alternativ ola biləcək Çindir:

"Çin Qərbi o qədər çox narahat edir ki, digər dövlətlərlə  hesablaşmaq arxa plana atılır. Bu gün bir çoxları ilə zamanında müttəfiq və bəziləri ilə isə SSRİ-nin tərkibində birgə təmsil olunan ətraf dövlətlərin demək olar ki, hamısı ilə pis münasibətdə olan Rusiya Qərbi tam qane edir. Hazırkı Rusiyanın güclənməsi Qərbi narahat etdiyi qədər, onun daha da zəifləməsi və parçalanması da narahat edir. Çünki bu, çox böyük ərazilərin Çinə yem ola biləcəyi baxımından təhlükəlidir. Məhz bu səbəblərdən də, hesab etmirəm ki, hazırda Qərbin və ABŞ-ın Rusiyanı tam parçalamaq kimi bir planı var. Ən azından bu plan Çinlə hesablaşma bitənə qədər aktual ola bilməz".