“Gürcü Arzusu” puç olur: istefalar artır, balans pozulur...

Gürcüstanda Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 
G.Qaxariya bu qərarı ölkədə baş verən siyasi böhran fonunda verdiyini bildirib. Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.



Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, G.Qaxariya Xarici işlər nazirinin Bakıya səfəri gözlənilən gün istefa verdi. Onun sözlərinə görə, bu durum müəyyən suallar yaradır:

“Baş nazir istefa verirsə, gələcəkdə onun rəhbərlik etdiyi hökumətin də istefası gündəmə gələ bilir. Bütün bunlar ondan xəbər verir ki, “Gürcü Arzusu”  partiyası yekdil orqanizmə çevrilə bilmir.

 Mixail Saakaşvilinin dönəminə nəzər yetirək. O, güclü bir prezident idi və komandası da güclü idi. Düzdür, bəzən onun da komandasında istefalar olurdu, lakin Saakaşvili balansı qoruyurdu.

Amma “Gürcü arzusu”ndakı durum bir az fərqlidir, bunun adını demokratiya qoyurlar. İldə bir dəfə Baş nazir dəyişirsə, nazirlər tez-tez istefa verirsə, bu hal ölkədəki islahatların sürətini ləngidir. Gürcüstanda isə iqtisadi vəziyyət o qədər yaxşı deyil. Pandemiya, üstəgəl turizm sahəsindəki durum bəllidir.

Gürcüstan iqtisadiyyatını əsasən turizm formalaşdırırdı. Əlbəttə, belə vəziyyətdə baş nazirin istefası ölkə iqtisadiyyatı üçün mənfi tendensiyalar yarada bilər”.