Paşinyana qarşı dəhşətli ssenari: “Xalq düşməni elan edib həbsxanaya...”

“Ona görə də baş nazir öz növbəsində hakimiyyəti əldən vermək fikrində deyil”

 “Növbədənkənar parlament seçkiləri Paşinyanın yenidən hakimiyyətə gəlməsi ilə nəticələnəcək”


Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin tarixini açıqlayıb. O, bu barədə Facebook səhifəsində yazıb. Baş nazir növbədənkənar parlament seçkilərinin cari ilin iyunun 20-də keçiriləcəyini bildirib. Görünür, mövcud iqtidarın ən azı əmin vaxtadək hakimiyyətdə qalmaq fikri var.

Sonrası haqqında isə “Allah kərimdir” deyirlər. Hərçənd törətdikləri əməllərdən sonra daha Yaradan da onları qəbul etmir. Bunu Ermənistandakı xaotik vəziyyətə baxaraq asanlıqla görmək olar. Ölkə sözün əsl mənasında dağılır. Xüsusilə siyasi aləmdə baş verənlər Ermənistanın gələcəyi üçün yaxşı nəsə vəd etmir.

 BDU-nun professoru, politoloq Əlimusa İbrahimov növbədənkənar parlament seçkiləri barədə “Sherg.az”a danışdı: 

“Bu, Ermənistanda vəziyyəti sabitləşdirmək naminə tələb olunan müxtəlif variantlardan biri idi. Belə ki, “ Vətənin xilası” hərəkatının başçısı və baş nazir postuna namizəd Vazgen Manukyan hərbi çevriliş, Baş Nazirin xalqın təzyiqi sayəsində istefaya göndərilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini vəziyyətdən çıxış kimi irəli sürürdü. Onlar birinci variantın qeyri-qanuni olduğunu və bunu həyata keçirməyin Ermənistana gələcəkdə böyük problemlər gətirəcəyini anladılar. Beləliklə, Anik Gqasparyanı bu fikirdən daşındırdılar.

Təklif olunan ikinci varianta gəlincə, Ermənistan müxalifəti noyabrın 10-dan həmin məsələ ilə məşğuldur. Lakin onlar hələ də Paşinyanı hakimiyyətdən uzaqlaşdıra biləcək səviyyədə qüvvəyə malik olmadıqlarının şahidi oldular. Baş nazir cəmi bir dəfə öz tərəfdarlarına müraciət etməklə müxalifətin bütün cəhdlərini alt – üst etdi.

Onun çağırışı ilə meydana tökülənlərin sayı 17 müxalifət birləşməsinin tərəfdarlarının sayından çox oldu. Deməli, əldə qalan son variant növbədənkənar parlament seçkilərinin keçirilməsi idi. Buna həm prezident, həm də baş nazir razılıq vermişdi. Müxalifətin tələb etdiyi də növbədənkənar parlament seçkisinin keçirilməsi idi.

Yəni prinsip etibarı ilə onlar da yeni parlament seçkiləri keçirilməsini tələb edirdilər. Lakin növbədənkənar parlament seçkilərinin keçirilməsinə yanaşmada Paşinyanla müxalifət arasında fərqli düşüncələr var. 

Müxalifət baş nazirin istefa verməsini və bütün səlahiyyətlərin Vazgen Manukyanın başçılığı altında keçid hökumətinə verilməsindən sonra növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdi. Etirazçılar Paşinyanın əlində olan səlahiyyətlərdən seçkini qazanmaq üçün istifadə edəcəyini bəhanə gətirirdilər.

Əslində isə Paşinyan hakimiyyətdə ola-ola seçkilərdə qalib gələ bilməyəcəklərini düşünürdülər. Baş nazir öz növbəsində hakimiyyəti əldən vermək fikrində olmadığını artıq çoxdan sübut edib. Paşinyan  bilir ki,  istefa verən kimi qarşı tərəf seçkidə qalib gəlmək üçün müxtəlif bəhanələrlə onu xalq düşməni elan edib həbsxanaya atacaq”.

Professor ziddiyətlərin bundan sonra bir az da artacağını istisna etmir: 

“Paşinyanın növbədənkənar seçkilərin hətta tarixini müəyyənləşdirməsinə baxmayaraq, qarşıdurmanın aradan qaldırılacağı haqqında proqnoz vermək hələ tezdir. Çünki müxalif qüvvələr və xüsusilə “Qarabağ klanı”nın Ermənistanı talayan “görkəmli” nümayəndələri, o cümlədən Köçaryan və Sarkisyan da əldə olunan qərardan razı qalmayacaq.

Onlar mübarizəni daha da qızışdıracaqlar. Növbədənkənar parlament seçkiləri Paşinyanın yenidən hakimiyyətə gəlməsi ilə nəticələnəcək. Bu isə onlar üçün ən dəhşətli ssenaridir.

Hadisələrin Ermənistanda hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq  çətindir. Yaxın bir neçə gündə müxalifət bu şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsini qəbul etməyərək insanları küçələrə tökməyə çalışacaq.

Təbii ki, baş nazirlə bəzi müxalif qüvvələrin güzəştə gedərək növbədənkənar seçkilər keçirməyə razılaşması müxalifətin qüvvəsini zəiflədəcək. Sonda onlardan bəziləri iyunda keçiriləcək seçkilərə qoşulacaqlar.

Daha radikallar isə  boykot qərarı qəbul etməklə meydandan çəkiləcəklər. Beləliklə, Paşinyana yardım etmiş olacaqlar”.