“Tərtər işi”nin gizlinləri: kimdir müqəssir? – Hədəf göstərildi!     

“Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov durub”

“Çünki  bu prosesləri nazirliyin daxili təhlükəsizlik idarəsinin rəisi general-mayor Ramil Əsgərov aparıb”

“R.Əsgərov  N. Sadıqovun doğma bacısı oğludur”

“Həmin şəxsləri məsuliyyətdən kənar saxlamaq olmaz. N.Sadıqov və onun şəbəkəsi cəzalandırılmalıdır”

Son günlər Tərtər hadisələrinə dair səslənənlər ölkə gündəmi zəbt edib. Bəzi iddialara əsasən Tərtər işindəki işgəncə faktlarında birbaşa “5-ci kolon”un “əli” olub. Cəmiyyətdə müxtəlif mülahizələr irəli sürülür. Vətəndaşların böyük əksəriyyəti hadisənin başında kimlərin dayandığını bilmək istəyir. Əslində səbəbkar kimi bəzi şəxslərin adları sadalanır desək, daha doğru olar.

Həqiqətən, Tərtər hadisələrində törədilən cinayətlərdə kimdir müqəssir?


Qarabağ qazisi Rey Kərimoğlu “Sherg.az”a bildirib ki, ordumuzda Tərtər işindən də dəhşətli hadisələr baş verib:

“Cəmiyyətin bu olanlardan xəbəri yoxdur. Orduda olan müvafiq şəxslər bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tərtər hadisələri Azərbaycan Ordusunun içində baş verən özbaşınalıqlardan biri idi”.

R.Kərimoğlu qeyd edib ki,  ordumuzda Ermənistana işləyən xəyanətkar bir qrup var:

“Lakin az qala bütün bunlar unudulur. Əslində, 1997-ci ildən başlayaraq Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilən hərbçilər olub. Bunun üçün bir neçə dəfə cinayət işi də qaldırılıb. Sonrakı dövlərlərdə də belə hallar baş verib. Sonuncu dəfə 2012-ci ildə bu cür hallarla qarşılaşmışıq. Hərbi sahədə araşdırma aparan jurnalistlər olanları yaxşı bilir, sadəcə ictimailəşdirmirlər.

Çünki müəyyən məsələlər var ki, onu ictimailəşdirmək olmaz. Günahı olmayan şəxslərə istintaqdan kənar işgəncələr verilib. Təbii ki, bu yolverilməzdir. Hər bir cinayət işini məhkəmə yolu ilə həll etmək lazımdır.

Bu gün vətəndaşlar baş verənləri öyrəndikdə dəhşətə gəlirlər. Bütün bunlar da başa düşüləndir. Ordumuzda xəyanətkar qrup olub, yenə də var. Tərtər hadisələrinin başında birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov durub.

Çünki  bu prosesləri Müdafiə Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi general-mayor Ramil Əsgərov aparıb. O, N. Sadıqovun doğma bacısı oğludur. Həmin şəxsləri məsuliyyətdən kənar saxlamaq olmaz. N.Sadıqov və onun şəbəkəsi cəzalandırılmalıdır”.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.