105 dollardan 57 qurban!


Saxta tibb bacısı “duzlu su” peyvəndi ilə insanları aldadıb

Varlıların evinə gedərək koronavirus peyvəndi vuran saxta tibb bacısı polis tərəfindən yaxalanıb. Tükürpədici hadisə Brazilayada yaşanıb.  Klaudio Monika Pinhero Torres isimli qadın özünü “tibb bacısı” kimi tanıdaraq insanlara saxta peyvənd vururmuş. Vurduğu “peyvənd” isə yalnız duzlu sudan ibarət imiş.  Milliyet.com-da yer alan xəbərə görə, saxta tibb bacısı qurbanlarını avtomobil qarajında peyvəndləyirmiş.  Yayılan şok görüntülər dəhşətin miqyasını gözlər önünə sərir. Hazırda Braziliyada koronavirus pandemiyası kabusa dönmüş vəziyyətdədir. Braziliyada günlük ölüm sayı dünən ilk dəfə olaraq 4 mini ötüb. Xəstəxanalarda boş yer artıq qalmayıb. Bəzi şəhərlərdə xəstələr müalicə olunmalarını gözləyə-gözləyə can verir. Yalnız Braziliyanın deyil, Cənubi Amerikanın ən böyük şəhəri San-Pauloda ölənlərin sayı sürətlə artdığından məzarlıqdakı bəzi köhnə məzarları boşaldıb yeni vəfat edənləri dəfn etmək məcburiyyətində qalıblar. Köhnə məzar yerlərindən 56 cəsəd çıxarılıb. Məzarlardan çıxarılan insan cəsədləri böyük çantalara yerləşdirilərək başqa əraziyə daşınıb. Bu işi görənlərin ağ libaslara bürünməsi də gözdən qaçmayıb. Belə bir vəziyyətdə bir qadının saxta tibb bacısı rolu oynayıb insanları duzla su ilə “peyvənd” etməsi dəhşətli olduğu qədər də insani cinayətdir. Yerli media yazır ki, saxta tibb bacısı duzlu suyun hər dozası üçün 105 dollar alırmış. Bununla o, ümumilikdə 5 min 500 dollar pul qazanıb. “Tibb bacısı” əksər hallarda San-Paulonun varlıların yaşayan Qutierez bölgəsində mənzillərə girdiyi, bəzi hallarda isə qurbanlarına avtomobil qarajındaca “peyvənd” iynəsi vurduğu məlum olub. Braziliya federal polisi qadının ən az 57 nəfəri aldatdığını təxmin edir. Qadın ələ keçdikdən sonra aparılan araşdırmalar və istintaq nəticəsində izlərin Belo Horizontdakı bir daşınma şirkətinə qədər uzandığı üzə çıxıb. Bu, Romulo və Robson Lessa qardaşlarının sahibi olduğu “Saritur” şirkətidir. Saxta tibb bacısının insanları aldadaraq duzlu su “peyvəndi” vurduğu avtobus qarajı bu qardaşlara məxsusdur.