Rusiyanın 4 veb saytı sanksiyalara məruz qalıb

Azər Həsrət: "Bu cür məsələlərin sanksiyalarla tam olaraq həllini tapacağına inanmıram"

Rusiyanın dörd veb saytı ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Bunların “İnfoRos”, “Strategic Culture Foundation”, “SouthFront” və “NewsFront” olduğu bildirilib. Bu müəssisələr FTX, Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsi ilə əlaqədə ittiham edilib. Sanksiyaların tətbiq edildiyi şirkətlər arasında “Putinin aşpazı” kimi tanınan Priqojinin də Afrikada fəaliyyət göstərən şirkətlərindən biri yer alıb.

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən tanınmış jurnalist, siyasi-şərhçi Azər Həsrət bildirib ki, ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının dünyanın hər tərəfində sanksiyalardan uyğun bir şəkildə istifadə etmək praktikası var:

"Açığı deyim ki, sanksiyaların konkret veb saytlarına tətbiq olunması ilə bağlı təcrübə elə də tez-tez rast gəlinən təcrübə deyil. Yəni şəxslər, şirkətlər ayrı-ayrı qurumlar təbii ki, bunlar sanksiyaya məruz qalır. Amma konkret informasiya yayımı üçün nəzərdə tutulmuş saytlara sanksiyanın tətbiq edilməsi səhv etmirəmsə, ilk belə hadisədir. O baxımdan təbii ki, diqqət çəkəndir. Hər halda hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarında o saytlar dərindən araşdırılıb və öyrənilib. Çox güman ki, bütün dünya üçün zərərli sayıla biləcək fəaliyyətlə məşğul olduqlarına görə onlara sanksiya tətbiq edilib. Lakin istənilən halda bu cür məsələlərin sanksiyalarla tam  olaraq həllini tapacağına inanmıram. Çünki veb saytının birinə sanksiya qoyulsa da, digərini qurmaq mümkündür.

Təbii ki, eyni fəaliyyəti və eyni istiqaməti yenə də davam etdirəcəklər. Hesab edirəm ki, ABŞ veb saytlara sanksiya tətbiq etməklə, nəyəsə nail olmaq mümkün deyil".