Ərdoğanın Şuşa səfərinin çoxvektorlu mesajı:“Qarabağdayıq!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb. Bu barədə “Haber Global” məlumat yayıb.
Proqrama əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Burada prezidentlər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriləcək. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüşlərdən sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq. Türkiyə Prezidenti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək.

Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan izləyəcək.

Siyasi analitik Asif Nərimanlı səfər barədə proqnozlarını “Sherg.az”la bölüşdü:

“Əvvəla, onu deyim ki, müqavilənin məhz Şuşada imzalanması mühüm siyasi mesajdır. Hərbi əməkdaşlığın inkişafı ilə bağlı yeni sənədlər qüvvəyə minə bilər. Həmçinin Şuşada konsulluğun açılması barədə razılığın əldə olunması da istisna deyil.

Bu, Şuşanın təhlükəsizliyi baxımından vacibdir. Səfərin marşrutu da diqqət çəkir. İstisna deyil ki, Füzuli aeroportunun birgə istifadəsinə dair anlaşma olsun. Həmin hava limanı həm iqtisadi, həm də hərbi cəhətdən əhəmiyyətlidir. Hər halda Ərdoğanın səfəri təkcə Qarabağ yox, bütün region üçün əhəmiyyətlidir”.

A.Nərimanlı səfərin siyasi mesajından da danışdı:

“Bu, Xankəndidə funksiyalarından kənar fəaliyyətlə məşğul sülhməramlılara ismarıcdır. Türkiyə Qarabağdakı mövcudluğunu göstərir. Ankara eyni zamanda Rusiya ilə yanaşı, münaqişənin bitdiyi ilə razılaşmayan, bölgəyə gəlmək istəyən Qərbə, o cümlədən Fransaya mesaj verir, Azərbaycanın yanında olduğunu göstərir. Ərdoğanın səfərindən və Ermənistandakı seçkilərdən sonra Qarabağda bizim xeyrimizə çox ciddi proseslər baş verə bilər. İstisna deyil ki, Türkiyə ilə Rusiya arasında erməni qoşunlarının regiondan çıxarılması barədə razılıq əldə olunsun. Habelə Türkiyə ilə Rusiya kommunikasiyaların açılması prosesində iştirak etməyə çalışan Qərbin bu addımının qarşısını almağa çalışırlar”.