Litva Belarusla sərhəddə dörd metrlik divar tikəcək

Litva Belarusla sərhədini hündürlüyü dörd metr olan və metaldan hazırlanacaq divarla qoruyacaq.
“Report” xəbər verir ki, bunu Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidməti rəisinin müavini Vidas Maçaytis bəyan edib.
Onun sözlərinə görə, sərhədin 508 km-lik hissəsi üstü tikanlı məftillə təchiz ediləcək və qaynaqlanmış metaldan düzəldilmiş dörd metrlik divar olacaq:
“Öncə divarı daşla tikmək variantı nəzərdən keçirildi, lakin sərhəd xəttindəki torpağın xüsusiyyətlərinə görə imtina edildi. Planlaşdırılan mühəndislik quruluşu 152,5 milyon avroya başa gələcək. Maliyyələşmədən asılı olaraq tikinti işləri bir ildən iki ilə qədər davam edə bilər”.
Qeyd edək ki, Litva ilə Belarus arasında dövlət sərhədinin ümumi uzunluğu 680 km-dir.