Bu dəfə bağışlanmayacaq


İrana qarşı ciddi addımlar atılacaq


Oman sahillərində “Mercer Street” tankerinə hücum olub. Nəticədə Britaniya və Rumıniya vətəndaşları olan iki ekipaj üzvü ölüb. Sonradan ekipaj gəmiyə nəzarəti bərpa edib və ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə hərəkət etməyə başlayıb. “Associated Press” agentliyi xəbər verir ki, Liberiya bayrağı altında üzən “Mercer Street” gəmisi “Zodiac Group”un sahibi olan israilli iş adamı Eyal Oferə məxsusdur. ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tankerə pilotsuz təyyarə ilə hücum edildiyi qənaətindədir.

ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatlar İrana ticarət gəmisinə hücumla bağlı cavab verəcək. O qeyd edib ki, ABŞ İngiltərə, İsrail və Rumıniya ilə sıx əlaqədədir və hadisəyə kollektiv cavab veriləcək. Qeyd edək ki, ticarət gəmisinin vurulması beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir. Maraqlıdır bu məsələdə İranı digər dövlətlər tərəfindən hansı təhlükələr gözləyir?

Sualımızı cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında deyib ki, Britaniya və Rumıniya vətəndaşları olan iki ekipaj üzvünün həlak olması ilə nəticələnən hadisədə İrana qarşı ciddi addımların atılacağı gözlənilir:

"Eyni zamanda hadisə ilə bağlı Amerika Birləşmiş Ştatlarının da müdaxilə etməsi məsələni daha qəlizləşdirə bilər. Qeyd edim ki, İranın bu hücumda əlinin olması və pilotsuz uçuş aparatlarının məhz ona məxsus olması ilə bağlı versiyalar, mülahizələr öz təsdiqini taparsa, İrana qarşı beynəlxalq sanksiyaların olması qaçılmazdır. Eləcə də məsələ ilə bağlı daha kəskin addımların atılacağı ehtimal olunur. Bir faktı da qeyd edim ki, İranın Əlalam dövlət kanalı da bu məsələ ilə bağlı heç bir təkzib xarakterli məlumat vermədi. Kanalda sırf İsraili günahlandırmaq xarakterli bir məlumat verildi. Həmçinin, Suriya aeroportunda baş vermiş hadisəyə cavab olaraq bu hadisənin olması qeyd olundu. Ümumən bu məsələdə ABŞ, Böyük Britaniya, İsrail və Rumıniyanın İrana qarşı birgə hərəkət edəcəyini nəzərə alsaq, onun nəinki siyasi-diplomatik, eləcə də iqtisadi müstəvidə zərər çəkəcəyini proqnozlaşdıra bilərik. Əgər bu məsələyə Birləşmiş Millətlər Təşkilatında da baxılarsa, İrana qarşı kəskin və sərt addımların atılacağı ehtimalı böyükdür".