Lefortofo məhbusu “əlvida” dedi

11 dəfə həbs olunan 81 yaşlı Məhəmməd Hatəmi valideynlərinin yanında dəfn edilib



Dünən milli-azadlıq hərəkatının liderlərindən olan, Qarabağ qazisi Məhəmməd Hatəmi Tantəkin uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib. Mərhumla vida mərasimi onun yaşadığı evdə keçirilib. Mərasimdən sonra azadlıq döyüşçüsü Bülbülə kənd qəbiristanlığında, valideynlərinin yanında dəfn edilib. Dəfn mərasimində milli-azadlıq hərəkatının fəalları, döyüş və mübarizə yoldaşları, eləcə də ölkənin tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.

Məlumat üçün deyək ki, Məhəmməd Hatəmi 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində anadan olub. Uzun illər BDU-nun şərqşünaslıq fakultəsində və Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Elmlər namizədidir. Müxtəlif dövrlərdə siyasi düşüncələrinə görə 11 dəfə həbs olunub. Xalq hərəkatı dövründə bir dəfə Azərbaycanın MTN təcridxanasında və bir dəfə də Rusiyanın Lefortofo həbsxanasına salınıb. Bakıda keçirilən məhkəmə proseslərindən sonra azadlığa buraxılıb. Bir sıra elmi məqalələrin və kitabların müəllifidir. Azadlıq hərəkatı ilə bağlı yazdığı "Acı həqiqətlər” kitabı tarixin çox dəyərli dövrünə işıq salır. Hatəmi milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan "Çənlibel” Cəmiyyətinin qurucusudur. O, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında başlayan ümumxalq mitinqlərinin təşkilatçılarından olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib. Hatəmi 1990-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ müharibəsində isə "Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə olub. Döyüş yoldaşları onun qəhrəmanlıqlarından dəfələrlə söz açıblar.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, Məhəmməd Hatəmi tarixi şəxsiyyət kimi hər zaman anılacaq: "Azərbaycanın azadlığı uğrunda hərəkatçı kimi meydanlarda döyüşən Məhəmməd Hatəmi ərazi bütövlüyümüz uğrunda cəbhədə də döyüşüb. Qarabağ cəbhəsində "Milli Qurtuluş” batalyonunun tərkibində döyüşən Məhəmməd Hatəmi həm də siyası mübarizə aparıb. O, müstəqil, azad Azərbaycanın əsas memarlarından biridir. Bu səbəbdən də Məhəmməd Hatəminin dünyadan köçməsi bütövlükdə Azərbaycan üçün ağır itkidir. Bizi dərindən sarsıdan bu itkimizlə bağlı bütün xalqımıza Allahdan səbr diləyirik. Məhəmməd Hatəmiyə Allahdan rəhmət diləyirik. Yeri cənnət, ruhu şad olsun. Xalqın qəlbində abidəsi ucalmış Məhəmməd Hatəmi heç şübhəsiz, gələcək nəsillər tarixi şəxsiyyət kimi anacaq”.

Müsavat Partiyası da Məhəmməd Hatəminin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda Azərbaycan ictimaiyyətinə ağır itki üz verdiyi qeyd olunub: "Azərbaycan xalq hərəkatının tanınmış simalarından biri, "Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin uzun sürən ağır xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib. Məhəmməd Hatəmi sovet dövrü dissidentlərindən biri idi. O, həmin dövrdə Azərbaycanın müstəqilliyi, bütövlüyü ideyalarının daşıyıcısı və təbliğatçısı kimi təqib olunurdu. Hatəmi həm də Milli Qurtuluş Partiyasının qurucusu və ilk sədri idi. Onun xatirəsi tanıyanların və sevənlərin qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin”.

İsmayıl