- Bu vəsaitlər nələrə sərf olunub?
- “Tramvay və trolleybusları ləğv etdik, sonra yollar çəkdik”
- “Bakı artıq tıxaclarla mübarizə aparır. Şəhərin mərkəzini həddindən artıq yükləmək səmərəli deyil”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı diqqətçəkən bir açıqlama verib. Deyib ki: “Son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”.
E.Əzizovun bu açıqlaması təəccüblə qarşılanır və suallar doğurur. Son 20 ildə paytaxta 200 milyard dollar investisiya ayrılıbsa, məsələn, nəyə xərclənib bu vəsait? Əgər həqiqətən bu miqdarda vəsait qoyulubsa, niyə paytaxt yağışa təslim olur, şəhər sel sularına qərq olur? İnvestisiya təkcə şəhərin işıqlandırılmasına, bayram günləri küçələrin bəzədilməsinə, abadlıq işlərinəmi xərclənib? Bəlkə də investisiyanın əsas hissəsi binaların fasadlarının və dam örtüklərinin “əsaslı” təmirinə xərclənib. Son illər paytaxtda pansionata bənzər yaşayış binalari “əmələ gəldi”. Binaların fasadı tez alışan, yanğına davamsız poliuretan və ya polietilen nüvəli alkopan materiallarla üzləndi. BŞİH icra etməli olduğu işlərə infrastrukturun yenilənməsi, yararsız kommunikasiya xətlərinin dəyişdirilməsi daxildirsə də, bu, çox da gözə dəymir. Bəs nəyə xərclənib 200 milyard dollarlıq investisiya?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli ilə məsələyə aydınlıq gətirməyə çalışdıq:
- Demək olar ki, son 20 il ərzində Bakı şəhəri bütövlükdə bizim gözümüzün qarşısında dəyişib. İnvestisiya məsələsinə gəldikdə isə burada baxmaq lazımdır ki, söhbət investisiyanın hansı hissəsindən gedir. Məncə, investisiyaları qruplaşdırmaq lazımdır.
Birincisi, dövlət büdcəsindən ayrılan və dövlət vəsaiti hesabına həyata keçirilən layihələr var.
İkincisi, beynəlxalq investorların cəlb edilməsi, xarici investisiyaların gətirilməsi yolu ilə həyata keçirilən layihələrdir.
Üçüncüsü isə yerli biznes şirkətlərinin həyata keçirdiyi investisiya layihələridir.
Əgər sırf yerli şirkətlərin qoyduğu investisiyaları nəzərə alsaq, burada əsasən binaların, çoxmərtəbəli yaşayış binalarının tikintisini görürük. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamları əsasında həyata keçirilən pilot layihələr də var. Bu layihələr çərçivəsində sovetlər dönəmindən qalan köhnə yaşayış binaları sökülür və onların yerində yeni binalar tikilir. Bütün bunlar əsasən özəl şirkətlər tərəfindən həyata keçirilir və burada dövlət büdcəsinin birbaşa payı yoxdur.
Digər tərəfdən, məsələn, Heydər Əliyev Mərkəzi və dövlət sifarişi ilə tikilmiş digər binalar var. Onların maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilib. Burada da, əlbəttə, böyük investisiya qoyuluşlarından söhbət gedir.
Azərbaycanda xarici dövlətlərin və xarici iş adamlarının qoyduğu investisiyalara gəldikdə isə, mənim bildiyim qədər, burada Türkiyənin qoyduğu investisiyalar daha böyük paya malikdir.
Xarici investisiyaların cəlb olunması məsələsində isə son dövrlərdə, xüsusilə 44 günlük müharibədən sonra, Azərbaycanda sabitliyin bərqərar olduğu dövrdə müəyyən investisiyalar həyata keçirilib. Bu investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilib. Bu isə təkcə Bakı şəhərini deyil, Bakı ətrafındakı əraziləri də əhatə edir. Məsələn, Ağ Şəhər layihəsi bu qəbildən olan ən böyük layihələrdən biridir. Vaxtilə burada neftayırma zavodları, müxtəlif sənaye müəssisələri və liman infrastrukturu yerləşirdi. Daha sonra bu ərazilərdən həmin obyektlər köçürüldü və yeni şəhərsalma layihələri həyata keçirilməyə başlandı. Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsində yaradılması da bu prosesin mühüm hissəsidir. Nəticə etibarilə həm söküntü işləri, həm də yeni Ağ Şəhər layihəsi Bakı üçün kifayət qədər cəlbedici layihələrdir.
İ.Hüseynli qeyd etdi ki, bütün bunlarla yanaşı, eyni zamanda 200 milyard dollara yaxın olduğu bildirilən investisiyaların hansı hissəsinin dövlət büdcəsindən maliyyələşdirildiyi dəqiq müəyyənləşdirilməlidir:
- Düşünürəm ki, bizim üçün əsas məqsəd dövlət büdcəsi vəsaitlərini deyil, daha çox yerli və beynəlxalq şirkətləri investisiyaya cəlb etmək olmalıdır. Lakin Bakı şəhərinə kütləvi şəkildə yeni investisiyaların cəlb edilməsini və şəhərin investisiya baxımından daha da cəlbedici edilməsini stimullaşdırmaq, mənə elə gəlir ki, artıq o qədər də məqsədəuyğun deyil. Çünki Bakı şəhəri onsuz da kifayət qədər yüklənib, böyüyüb və intensiv şəkildə tikilib. Bu baxımdan hesab edirəm ki, investisiya təşviqlərini daha çox regionlara yönəltmək lazımdır. Xüsusilə Qarabağın bərpası, yeni şəhərlərin salınması və tikinti imkanlarının genişləndirilməsi baxımından bu istiqamətdə böyük potensial var.
İ.Hüsenyli qeyd etdi ki, 200 milyard dollar çox böyük rəqəmdir. Əgər bu vəsaitin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılıbsa, onun hesabatı da verilməlidir; bu vəsaitlər nələrə sərf olunub:
- Əgər keçmiş tarixi binaların fasadlarının yenilənməsi və ağardılması, Bakı şəhərinin asfalt yollarının dəfələrlə sökülüb yenidən çəkilməsi, kanalizasiya sistemlərinin yararsız vəziyyətə düşməsi ilə bağlı xərclər də bu məbləğin içərisinə daxildirsə, bütün bunları nəzərə almaq lazımdır. Bəzən bu investisiyaların özləri də bizim üçün çox ciddi problemlər yaradıb. Birincisi, Bakı şəhəri həddindən artıq yüklənib və artıq biz tıxaclarla mübarizə aparırıq. Vaxtında bu investisiyaları Bakı şəhərinin özünə deyil, məsələn, Bakı-Sumqayıt, Bakı-Şamaxı istiqamətlərindəki boş ərazilərdə yeni şəhərsalma layihələrinin həyata keçirilməsinə yönəltmək daha məqsədəuyğun olardı. Şəhərin inkişafını həmin istiqamətlərə yönəltmək, Bakının mərkəzini həddindən artıq yükləməkdən və nəqliyyat sıxlığı problemini daha da dərinləşdirməkdən daha səmərəli ola bilərdi. Eyni problem asfalt örtüyünün tez-tez yenilənməsində də özünü göstərir. Magistral yollarımızın bərbad vəziyyətə düşməsi, ekoloji baxımdan daha səmərəli olan elektrik nəqliyyat vasitələrinin - tramvayların və trolleybusların ləğv edilməsi, daha sonra isə həmin sistemlərin yerində yenidən müxtəlif yol layihələrinin həyata keçirilməsi ciddi suallar doğurur.
Bakı şəhərinin işıqlandırılması, işıq dirəklərinin quraşdırılması və digər bu kimi layihələrin bir çoxunda da ciddi yeyintilər və müəyyən anormallıqlar olduğu barədə fikirlər səslənir. Əgər bütün bunları həmin 200 milyard dolların içərisinə daxil etsək, burada maliyyə vəsaitlərinin düzgün və səmərəli xərclənməməsi ehtimalı da ortaya çıxır.
Bütün bunlar artıq müəyyən mənada keçmişdə qalıb və tarixdir. Bu proseslə bağlı kimi məsuliyyətə cəlb etmək, kimə irad bildirmək məsələsi isə kifayət qədər çətindir. 200 milyard dollar, doğrudan da, çox böyük rəqəmdir. Bu məbləğin hesabını soruşmaq üçün kifayət qədər instansiyalar olsa da, konkret olaraq məsul şəxsləri bu gün ortaya çıxarmaq və onlara hüquqi qiymət vermək çətin məsələdir. Məncə, bundan sonrakı xərcləmələrin və investisiyaların daha səmərəli həyata keçirilməsi barədə düşünməliyik. Əsas məqsəd bundan sonra yatırılan vəsaitlərin şəhərin real ehtiyaclarına uyğun, şəffaf və səmərəli şəkildə yönəldilməsini təmin etmək olmalıdır.