Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub.

APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Karl Deisseroth, Peter Hegemann, Georg Nagel sözügedən sahə üzrə 2026-cı ilin laureatları elan ediliblər.

Onlar bu mükafata işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, Karl Deisseroth amerikalı nevroloq, psixiatr və Stanford Universitetinin professorudur. O, beyin hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən optogenetika metodunun inkişafında əsas alimlərdən biri hesab olunur. Deisserothun tədqiqatları depressiya, autizm və digər psixi-nevroloji pozuntuların beyindəki mexanizmlərini daha yaxşı anlamağa kömək edib.

Peter Hegemann isə alman biofiziki və Berlin Humboldt Universitetinin professorudur. O, işığa həssas kanalrodopsinlərin öyrənilməsində və bu zülalların sinir hüceyrələrini işıqla idarə etmək üçün istifadəsində mühüm rol oynayıb. Onun araşdırmaları optogenetikanın əsas elmi təməllərinin formalaşmasına böyük töhfə verib.

Georg Nagel alman biofiziki və Vürtsburq Universitetinin professorudur. O, Peter Hegemannlə birlikdə kanalrodopsinlərin xüsusiyyətlərini araşdıraraq onların işıqla idarə olunan ion kanalları olduğunu göstərib. Bu kəşf sinir hüceyrələrinin işıq vasitəsilə idarə edilməsinə əsaslanan optogenetika texnologiyasının inkişafında mühüm rol oynayıb.

Xatırladaq ki, Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.