Son xəbərlər

Turalın taleyi ilə bağlı yeni sənəd: Əvvəl kömək istədi, sonra imtina etdi

Füzuli rayonunun Balabəhmənli kənd sakini Tural Abdullayevin ailədaxili zorakılıqla bağlı yaydığı video-müraciətdən sonra onun vəziyyəti ilə bağlı yeni detallar məlum olub.

Sherg.az xəbər verir ki, redaksiyamıza təqdim edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qarabağ Regional filialının rəsmi məktubunda Tural Abdullayevin sosial xidmət müəssisəsinə yerləşdirilməsi ilə bağlı əvvəlki müraciətinin təfərrüatları açıqlanıb.

Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Rahib Bağırova ünvanlanan, 9 iyun 2026-cı il tarixli məktubda bildirilir ki, Agentliyin əməkdaşları mayın 20-də Balabəhmənli kəndində Tural Abdullayevin yaşadığı evə baş çəkərək ailənin vəziyyətini qiymətləndiriblər.

Səfər zamanı müəyyən edilib ki, ailənin bütün üzvləri müxtəlif diaqnozlar üzrə əlilliyi olan şəxslərdir və qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən sosial ödənişlərlə təmin olunurlar. Məktubda qeyd olunur ki, ailənin özünə məxsus daimi yaşayış evi var. Evin təmirsiz və natəmiz vəziyyətdə olmasına baxmayaraq, yaşayış şəraiti qənaətbəxş qiymətləndirilib. Ailə üzvlərinin bildirdiyinə görə, aylıq gəlirləri də özlərinin minimum tələbatlarını qarşılamağa imkan verir.

Rəsmi sənəddə diqqətçəkən digər məqam Tural Abdullayevin sosial xidmət müəssisəsinə yerləşdirilmək üçün özü müraciət etməsidir. O, bu istəyini ailədaxili münaqişə, atası Mirağa Abdullayevlə münasibətlərində ciddi problemlərin olması və atasının spirtli içki aludəçisi olması ilə əsaslandırıb.

Məktubda bildirilir ki, Tural Abdullayevin müraciətindən sonra onun Psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün zəruri sənədlər də toplanılıb. Lakin sonradan o, naməlum səbəbdən müəssisəyə yerləşdirilmək istəyindən imtina etdiyini bildirib və bununla bağlı müvafiq ərizə təqdim edib. Bu səbəbdən müraciətinə baxılması dayandırılıb.

Sənəddə Turalın atası Mirağa Abdullayevin də sosial xidmət müəssisəsinə yerləşdirilmək istəmədiyi və buna qəti etiraz etdiyi qeyd olunur.