Son xəbərlər

Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib

Bu gün Hörmüz boğazında qayda pozuntusuna yol vermiş daha bir neft tankeri dəniz minasına düşüb, nəticədə güclü partlayış və yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyanat yayıb.

Bildirilib ki, tanker Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edərkən dəniz minasına düşüb.

Məlumata əsasən, partlayışa məruz qalan tankerlə birlikdə hərəkət edən daha iki qayda pozuntusuna yol vermiş tanker hadisəni gördükdən və SEPAH Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında hərəkətə nəzarət mərkəzindən radio vasitəsilə xəbərdarlıq aldıqdan sonra Fars körfəzinə geri dönməyə məcbur olub.

Qeyd edək ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu gün Hörmüz boğazında daha üç neft tankerində güclü partlayış baş verdiyini açıqlayıb.