Son xəbərlər

İddia: Ukrayna cəbhəsində 1000-dən çox rusiyalı hərbçi intihar edib

Londonda nəşr olunan “The Guardian” qəzeti Rusiyanın gizli statistik məlumatlarının sızdırıldığını və bu məlumatlarda Ukrayna cəbhəsində 1000-dən çox rusiyalı hərbçinin intihar etdiyi barədə qeydlərin yer aldığını iddia edib.

Sherg.az xəbər verir ki, qəzetin məlumatına görə, Rusiyanın Dövlət Statistika Xidmətinə (Rosstat) aid olduğu bildirilən məxfi məlumatlar arasında 1000-dən çox hərbçinin intihar etdiyi, 885 hərbçinin isə niyyəti müəyyən edilməyən odlu silah xəsarətləri aldığı göstərilir. Sonuncu halların da intihara cəhd ola biləcəyi ehtimal edilir.

Məlumatlarda intihar hallarının sayının artdığı bildirilir. Belə ki, 2022-ci ildə 50-dən çox, 2024-cü ildə 200-dən artıq, 2025-ci ildə isə 365 intihar hadisəsi qeydə alınıb. 2026-cı ilə aid bazada isə indiyədək təxminən 300 belə hadisənin yer aldığı iddia olunur.

“The Guardian”ın mənbələri bunu ağır hərbi itkilər, sərt intizam qaydaları və uzunmüddətli müharibənin rusiyalı hərbçilərin psixoloji vəziyyətinə təsiri ilə əlaqələndirirlər.

Qəzetin yazdığına görə, məlumatlar Belarus müxalifəti ilə əlaqəli “Cyber Partisans” haker qrupu və ukraynalı “Silent Crow” kollektivinin ələ keçirdiyi 11 milyondan çox sənəd arasından əldə edilib.

Qeyd edək ki, Kreml orduda intihar halları ilə bağlı statistik məlumatları açıqlamır və hərbi itkiləri dövlət sirri hesab edir.