Son xəbərlər

Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək - RƏY

  • Əkrəm Bəydəmirli: Zəngəzur dəhlizindən İran da faydalana bilər

“Bu artıq aksiomadır ki, Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil. Əksinə, bu dəhlizin fəaliyyətə başlamasından bir çox region dövlətləri ilə yanaşı, İran da faydalana bilər”.

Bu fikirlərin müəllifi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Sherg.az-a açıqlamasında İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbərin Zəngəzur dəhlizi ilə bağlı narahatlığının səbəblərini şərh edib.

O bildirib ki, İran Prezidenti Məsud Pezeşkian vaxtilə mediaya açıqlamasında ölkəsinin öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yol açdığını və bununla bağlı razılaşmanın olduğunu bəyan edib:

“Pezeşkian bildirmişdi ki, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi hesab edir ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını və ərazi bütövlüyünü pozmursa, problem yoxdur.

Bu fikirləri ümumxalq səsverməsi yolu ilə seçilmiş prezident bəyan edir. Mühafizəkar qanadın nümayəndəsi, İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbər isə Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında bildirir ki, İranın geosiyasi maraqları toxunulmazdır və regiondakı maraqları onun qırmızı xəttidir.

Aydındır ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın geosiyasi maraqları toxunulmazdır. Bu artıq aksiomadır ki, Zəngəzur marşrutu heç bir dövlətin maraqlarına zidd deyil. Əksinə, bu dəhlizin fəaliyyətə başlamasından bir çox region dövlətləri ilə yanaşı, İran da faydalana bilər.

Bəs, Məhəmməd Möhbər kimilərin narahatlığı nədən qaynaqlanır ki, Zəngəzur adı eşidəndə bu cür reaksiyalar verirlər? Bu şəxslər vaxtilə Qarabağda erməni separatçılarına da dəstək olurdular. Həmin dövrdə separatçıların zərərsizləşdirilməsini də özləri üçün “qırmızı xətt” hesab edirdilər. Azərbaycan milli maraqlarına və beynəlxalq hüquqa əsaslanaraq Qarabağdakı separatçıları zərərsizləşdirdi və öz suveren ərazisində nəzarətini təmin etdi”.

Ə.Bəydəmirli bildirib ki, digər tərəfdən, Rusiya da Cənubi Qafqazda mövcudluğunu qorumaq və Zəngəzur dəhlizində əsas aparıcı fiqur olaraq qalmaq istəyir:

“Şimal qonşumuz məkrli planlarını bəzən İrandakı mühafizəkarların, bəzən də Ermənistandakı revanşistlərin dili ilə ortaya qoymağa çalışır. Bütün bu cəhdlər əbəsdir. Həm İran, həm də Rusiya düşdükləri bataqlıqdan salamat çıxa bilsələr, bu, onlar üçün yetərli olar. Əminik ki, Zəngəzur dəhlizi gec-tez reallaşacaq. Çünki strateji əhəmiyyətə malik bu dəhliz regiona sülh və əməkdaşlıq gətirəcək, Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək. Eyni zamanda, Şərqlə Qərb arasında yükdaşımaların həcminin və keyfiyyətinin artmasına imkan yaradacaq”.