Son xəbərlər

Sirli gündəlik üzə çıxdı: Papa Fransiskin şeytanla bağlı etirafı

  • “Şeytanın gözlərini unuda bilmirəm”

Katolik dünyasının mərhum lideri Papa Fransiskin ölümündən sonra yayımlanan şəxsi gündəliyində şeytanla qarşılaşdığını düşündüyü anlar, kilsədəki cinsi istismar qalmaqalı və yaşadığı ağır mənəvi sarsıntılar barədə qeydlər yer alıb.

Sherg.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Papa Fransiskin şəxsi gündəliyi” adlı kitabda onun 1992-ci ildən 2024-cü ilədək yazdığı qeydlər toplanıb. Gündəlikdə Fransisk şeytanla qarşılaşdığını düşündüyü üç hadisədən bəhs edib.

O, 2021-ci il yanvarın 24-də yazdığı qeyddə Romada keçirilən görüşlərdən birində şeytanı gördüyünü və səsini eşitdiyini bildirib. Fransisk əvvəlki iki qarşılaşmada şeytanın gözlərini, sonuncu hadisədə isə onun güclü və xırıltılı səsini unutmadığını yazıb.

Gündəlikdə 2018-ci ildə Çiliyə səfər zamanı kilsədəki cinsi istismar qalmaqalı ilə bağlı yaşadığı sarsıntılara da geniş yer ayrılıb. Fransisk həmin hadisələri 7 iyun 2018-ci il tarixli qeydində “Çilidəki qalmaqalda cəhənnəmin girişini gördüm” sözləri ilə ifadə edib.

Kitabda onun 2021-2022-ci illərdə yaşadığı mənəvi böhran, səhhətindəki problemlər və Vatikan daxilindəki maliyyə qalmaqalı ilə bağlı narahatlıqları da əks olunub.

Qeydləri nəşrə hazırlayan kardinal Viktor Manuel Fernandes bildirib ki, Fransisk bəzi ən məxfi düşüncələrini xüsusi şifrə ilə yazıb və həmin hissələr kitabda dərc edilməyib.

Qeyd edək ki, Papa Fransisk 21 aprel 2025-ci ildə vəfat edib. Onun şəxsi gündəliyi müxtəlif dillərdə nəşr olunub.