Ukrayna münaqişəsinin həlli üzrə sülh danışıqlarının ən mühüm nəticəsi Rusiya ilə Avropa arasında münasibətlərin yenidən qurulması ola bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “New York Magazine” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanmasında əsas nailiyyət təkcə atəşkəsin əldə olunması deyil, Rusiya ilə Avropa arasında davamlı qarşıdurmanın aradan qaldırılması olacaq.
“Ən böyük mükafat atəşkəs deyil, Rusiya ilə Avropa arasında daimi aqressiyanın olmadığı münasibətlərin yenidən qurulmasıdır”, – Kuşner vurğulayıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi insanların yenidən birgə yaşaya və iqtisadi əməkdaşlıq edə biləcəkləri bir yolun tapılacağına ümid etdiyini bildirib.
Kuşner noyabrın 5-də də bəyan etmişdi ki, Vaşinqton administrasiyası Avropada uzunmüddətli sülhün təmin olunması üçün Rusiya və ABŞ-nin NATO üzrə müttəfiqlərinin iştirakı ilə razılaşmaların əldə edilməsini vacib hesab edir.
Həmin gün Donald Tramp da ABŞ və Rusiyanın yalnız Ukrayna münaqişəsinin həlli deyil, bütövlükdə Avropanın təhlükəsizliyi ilə bağlı razılaşmalara yaxın olduğunu söyləmişdi.