Ermənistanda yeni Konstitusiya layihəsinin dərcindən sonra məhkəmə sistemində qeyri-müəyyənlik və daxili gərginlik yaranıb.
Sherg.az xəbər verir ki, “Joqovurd” qəzetinin yazdığına görə, layihənin 85-ci maddəsi – hakimlərin vetinqi məhkəmə sistemində ciddi narahatlığa səbəb olub.
Layihəyə əsasən, Konstitusiya qüvvəyə mindikdən sonra hazırkı hakimlər yeni təyinatadək müvəqqəti hakim kimi fəaliyyət göstərəcək və onların beş il ərzində vetinqdən keçirilməsi nəzərdə tutulur. Bu proses Ali Kassasiya Məhkəməsi, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinə, eləcə də hakim olmayan Ali Məhkəmə Şurası üzvlərinə şamil ediləcək.
Vetinqi Milli Assambleyanın seçəcəyi beş nəfərdən ibarət komissiya həyata keçirəcək. Komissiyanın hakimlərin davranışı ilə bağlı rəylərinin məhkəmədə şikayət predmeti ola bilməyəcəyi də layihədə qeyd olunur.
Qəzetin məlumatına görə, artıq məhkəmə sistemində layihənin mümkün hüquqi nəticələrini müzakirə edən peşəkar qruplar formalaşmağa başlayıb.