Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kislovodskdakı sinaqoqda terror aktının qarşısını alıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, saxlanılan Rusiya vətəndaşı kuratorlarının təlimatları ilə hərəkət edib və beynəlxalq terror təşkilatının liderinə sədaqət andı içib.
FSB-nin məlumatında bildirilib ki, həmin şəxs kəşfiyyat aparıb, sinaqoqun izdihamlı olacağı vaxtı seçib və partlayıcı qurğu hazırlayıb. O, terror aktını törədəcəyi yerə gedərkən saxlanılıb. 22 yaşlı Rusiya vətəndaşının üzərindən 3,5 kq-lıq evdə hazırlanmış partlayıcı qurğu tapılıb.
Onun evində aparılan axtarış zamanı partlayıcı maddələrin hazırlanması üçün komponentlər, eləcə də xarici kuratoru ilə yazışmalar və təlimatlar olan rabitə vasitələri müsadirə edilib.