- "Avropa İttifaqına üzv ölkələrlə münasibətlərin genişləndirilməsi, Avropadakı tərəfdaşlarımızın və dostlarımızın sayının artırılması rəsmi Bakının xarici siyasətində xüsusi önəm daşıyır”
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm prioritetlərdən biridir. Bu baxımdan İtaliya ilə strateji tərəfdaşlığın inkişafı xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, strateji əməkdaşlığın perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan xarici siyasətində balanslaşdırılmış kurs həyata keçirir.
Onun sözlərinə görə, bu siyasət həm iqtisadi, həm də siyasi sahələri əhatə edir:

“Azərbaycan Şimalla, Cənubla, Şərqlə və Qərblə münasibətlərində iqtisadi və siyasi maraqlarını uzlaşdırmağa, eyni zamanda bu əlaqələri beynəlxalq hüquq normaları çərçivəsində tənzimləməyə çalışır.
Rəsmi Bakı Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji əməkdaşlıq edir və onların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Belə ki, ölkəmiz həmin dövlətlərə təbii qaz ixrac edir. Avropanın enerji təchizatı ilə bağlı çətinliklərlə üzləşdiyi hazırkı dövrdə Azərbaycanın Avropa İttifaqına üzv ölkələrlə iqtisadi əlaqələrini genişləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə İtaliya Avropa İttifaqında mühüm siyasi və iqtisadi mövqeyə malik dövlətlərdən biridir. Avropa İttifaqına üzv ölkələrlə münasibətlərin genişləndirilməsi, Avropadakı tərəfdaşlarımızın və dostlarımızın sayının artırılması rəsmi Bakının xarici siyasətində xüsusi önəm daşıyır”.
Analitik Azərbaycanla İtaliya arasında siyasi münasibətlərin davamlı inkişafının və iqtisadi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin diplomatiyamızın uğuru olduğunu vurğulayıb:
“Hazırda bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir. İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayaninin Azərbaycana səfəri, Ceyhun Bayramovla ikitərəfli görüşü də iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Avropada dostlarımızın və tərəfdaşlarımızın sayının artması, Azərbaycan-İtaliya iqtisadi-siyasi əlaqələrinin genişlənməsi və əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması dövlətimizin milli maraqlarına tamamilə uyğundur.
Hazırda dünyada hərbi-siyasi və iqtisadi qeyri-sabitliyin hökm sürdüyü bir şəraitdə Azərbaycan sabit və praqmatik dövlət siyasəti həyata keçirir. Müxtəlif bölgələrdə sosial problemlərin dərinləşdiyi, iqtisadi böhranların genişləndiyi bir vaxtda İtaliya kimi dövlətlərlə iqtisadi-siyasi münasibətlərin inkişaf etdirilməsi və dostluq əlaqələrinin möhkəmləndirilməsi Azərbaycanın milli maraqlarına xidmət edir”.
Müsahibimiz bildirib ki, Azərbaycan diplomatiyası Avropanın aparıcı dövlətlərindən biri olan İtaliya ilə münasibətlərin inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir:
“Bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan-İtaliya əlaqələrinin iqtisadi və siyasi sahələrlə yanaşı, xalqlar arasında dostluq münasibətləri baxımından da inkişaf etməsi diplomatiyamızın mühüm nailiyyətidir.
Azərbaycan Prezidentinin xarici siyasət qarşısında qoyduğu əsas vəzifələrdən biri digər dövlətlərlə əlaqələri genişləndirmək, dövlətlərarası münasibətləri qarşılıqlı etimad və dostluq müstəvisində inkişaf etdirməkdir.
İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri ilə Azərbaycanın xarici işlər naziri arasında keçirilən görüş də bu siyasətin tərkib hissəsidir. Belə təmasların intensivləşdirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu, Azərbaycan diplomatiyasının uğurunu nümayiş etdirir”.