- İlqar Vəlizadə: "Rusiya və İran TRIPP ətrafında hərəkətə keçə bilər"
Ermənistanda Zəngəzur dəhlizi layihəsinin başlanması münasibətilə qırmızı lent kəsilib, yol kənarında işləyən ekskavatorlar və digər tikinti texnikaları nümayiş etdirilib. Ermənistanda Zəngəzur dəhlizi layihəsi ilə bağlı tikinti mərasiminin keçirilməsi Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı kimi diqqət çəkir.
ABŞ-ın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihə regionda nəqliyyat-kommunikasiya xəritəsini dəyişməklə yanaşı, böyük dövlətlərin maraqlarını da üz-üzə gətirir. Belə bir şəraitdə əsas sual ABŞ-ın regiondakı fəallığının Rusiya və İranın mövqelərinə necə təsir edəcəyi, bu ölkələrin yeni nəqliyyat reallığına uyğunlaşmaq üçün hansı addımları atacağıdır.
Mövzunu şərh edən politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, TRIPP layihəsi çərçivəsində tikinti işlərinin rəsmən başlanması həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında layihə ilə bağlı zəruri sənədləşmə, müştərək müəssisənin yaradılması və digər hazırlıq prosedurları artıq başa çatıb, indi isə praktiki işlərə start verilir: 
“Bu addım, ilk növbədə, Ermənistanın layihənin reallaşdırılmasında maraqlı və israrlı olduğunu göstərir. Təsadüfi deyil ki, Azərbaycan tərəfi, o cümlədən siyasi ekspertlər və ictimaiyyət nümayəndələri indiyədək Ermənistanın layihənin icrasında ləngimələrə yol verməsini dəfələrlə tənqid ediblər. İndi isə Ermənistan tərəfi nümayiş etdirmək istəyir ki, həmin ləngimələr aradan qaldırılıb və proses artıq başlayıb. Bununla belə, nəzərə almaq lazımdır ki, dəmir yolu infrastrukturunun qurulması mürəkkəb prosesdir və kifayət qədər vaxt tələb edir. Bu işlər həm ciddi maliyyə vəsaiti, həm ixtisaslı mühəndis kadrları, həm də mürəkkəb mühəndis-texniki tədbirlərin həyata keçirilməsini zəruri edir. Ona görə də dəmir yolu xəttinin inşasının qısa müddətdə başa çatdırılması real görünmür. Hesab edirəm ki, bu layihənin tam reallaşdırılması bir neçə il vaxt aparacaq”.
İlqar Vəlizadənin sözlərinə görə, TRIPP layihəsinin tam reallaşmasının bir neçə il çəkməsi bölgədə marağı olan Rusiya və İrana da müəyyən mənada vaxt qazandırır. O, qeyd edib ki, hər iki ölkənin layihəyə yanaşması və bu prosesdəki maraqları fərqlidir:
“Rusiya və İran bu müddət ərzində elə addımlar ata bilərlər ki, layihə onlar üçün mümkün qədər neytral amilə çevrilsin. Lakin hər iki ölkənin yanaşmasında fərqlər var. İran rəsmiləri özlərinin qırmızı xətlərini açıq şəkildə bəyan edirlər. Xüsusilə, bu ərazidə ABŞ hərbi qüvvələrinin hər hansı formada mövcudluğuna qarşı olduqlarını bildirirlər. İranın mövqeyi daha çox bu cür təhlükəsizlik narahatlıqları və hədəflər üzərində qurulub. Rusiya isə məsələyə bir qədər fərqli yanaşır və daha çox gözləmə mövqeyindədir. Bunun səbəblərindən biri də Ermənistanın dəmir yolu infrastrukturunun uzun müddətdir Rusiya Dəmir Yolları şirkətinin idarəçiliyində olmasıdır. Yəni bu məsələdə söz sahibi təkcə Ermənistan deyil, eyni zamanda Rusiyanın dəmir yolu idarəçiliyidir. Ermənistan ərazisindən müxtəlif istiqamətlərə hərəkət edəcək qatarların fəaliyyəti də texniki baxımdan Rusiyanın idarə etdiyi infrastrukturla bağlı olacaq.
Ona görə də Rusiya, ehtimal ki, bu layihədən müəyyən iqtisadi mənfəət əldə etməyə çalışacaq. İstisna deyil ki, həm Ermənistan, həm də ABŞ ilə danışıqlar apararaq marşrutdan güzəştli şərtlərlə istifadə imkanlarını müzakirə edir. Lakin hazırda konkret parametrlər barədə danışmaq tezdir. Çünki yol hələ tikilməyib və qarşıda uzun bir proses var. Düşünürəm ki, yaxın aylarda Rusiya bu məsələ ilə bağlı mövqeyini daha da dəqiqləşdirəcək. Burada geosiyasi proseslər də mühüm rol oynayacaq. Xüsusilə Ukraynada davam edən müharibə və Yaxın Şərqdəki hadisələr tərəflərin TRIPP layihəsinə münasibətinə bu və ya digər şəkildə təsir göstərəcək”.