Çində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldunun ilk muzeyi açılıb.
Teleqraf xəbər verir ki, təxminən 3 min kvadratmetr sahəni əhatə edən muzey Şanxaydakı “Shanghai No. 1” ticarət mərkəzində yerləşir.
Muzeyin girişində Portuqaliya millisinin forması ilə Ronaldunun 7 metrlik heykəli ucaldılıb. Bu, dünyanın tam boyda hazırlanmış ən hündür futbolçu heykəlidir.
Muzeydə futbolçunun karyerasının müxtəlif dövrlərini əks etdirən 10 tematik zona yaradılıb. Burada Ronaldunun Madeyra adasındakı uşaqlığından dünya şöhrəti qazanmasına qədər keçdiyi yol təqdim olunur.
Ekspozisiyada futbolçunun doğulduğu Funşal şəhərindən Şanxaya gətirilən 50-dən çox eksponat yer alıb. Onların arasında 2008-ci ildə qazandığı “Qızıl top”, Avropa çempionluğu kuboku, oyun formaları və butslar var. Həmçinin Ronaldunun “Real”ın heyətində 350-ci qoluna həsr olunmuş, Zinəddin Zidanın və komanda üzvlərinin imzaları olan forma nümayiş etdirilir.
Qeyd edək ki, muzey üçün xüsusi hazırlanmış və Kriştiano Ronaldunun şəxsi imzası olan forma da ekspozisiyaya daxil edilib.