Fransan bölgəni qarışdırmaq üçün bütün variantlardan istifadə edir - ŞƏRH

Fransa Ermənistana SEZAR (CAESAR) haubitsalarını verəcək.

Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu X hesabında bildirib.

"SEZAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib.

Qeyd edək ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransa üzərinə Ermənistanı silahlandırmaqla bağlı öhdəlik götürüb: 

“Yəni bu qeyri-rəsmi bir öhdəlikdir. Fransan bölgəni qarışdırmaq üçün əlində olan bütün variantlardan istifadə edir.   Bunu isə Ermənistanın vasitəçiliyi ilə həyata keçirməyi planlaşdırır. 44 günlük Vətən müharibəsindən sonra sözügedən proses daha da sürətlənib. Makron höküməti digər xarici siyasətində məğlubiyyətə düçar olduğu kimi, Ermənistan siyasətində də Fransa uduzur. Makronun qarşısında Rusiya kimi böyük qüvvə dayanır. Fransa nə qədər çalışsa da, Rusiyanı Ermənistandan çıxara bilməz. Sadəcə olaraq Fransa güclü ölkədir, böyük tarixi var və müdafiə arsenalı çox yaxşıdır. Ermənistan da bundan maksimum dərəcədə istifadə etməyə çalışır. Ona görə də müxtəlif silahlar almaqla öz Silahlı Qüvvələrini yaxşılaşdırmağa çalışır. Ümumilikdə isə bu məsələ Fransanın ziyanınadır. Əgər Paşinyan höküməti Ermənistanda tamamilə Rusiyanın hərbi gücünü Fransa ilə əvəzləmək istəyirsə, Moskvadan çox sərt reaksiya görəcək. Ermənistanın daxilində kifayət qədər güclü şəkildə Rusiyanı təmsil edən “5-ci kalon” var. Bunlar isə, əsasən, ordu və kilsə içindədir. Rusiya hazırda kilsə içində olanları hərəkətə gətirib. Rusiya lazım olanda ordu içərisindəki təmsilçilərindən də istifadə edəcək”.