Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Telefon danışığı zamanı Paşinyan Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Ərdoğan da öz növbəsində Paşinyanı qarşıdan gələn İsa Məsihin Vardavar-Dönüşmə günü münasibəti ilə təbrik edib.
Bundan əlavə, Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib. Görüş zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər.
Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a vurğulayıb ki, bayram günlərindən istifadə edərək incikliklərin aradan qaldırılması ilə zəifləmiş münasibətlərin gücləndiyi bir dünyada Paşinyan və Ərdoğanın telefon danışığı bölgədə sülh üçün son dərəcə əhəmiyyətlidir:
“Noyabrın 10-da imzalanan müqavilədən 3 il keçməsinə baxmayaraq, bölgədə gözlənilən sülh sazişinin imzalanmaması regionda planları olan bəzi dövlətlərin marağını artırır. Bunun qarşısını almaq üçün Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülhün mümkün qədər tez reallaşması lazımdır. Bu səbəbdən Ərdoğan və Paşinyanın görüşünün Qurban bayramı və Vardavar-Dönüşmə münasibəti ilə baş tutması son dərəcə vacibdir. Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyi öz bəyanatında Türkiyə və Ermənistan sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazır olduğunu bəyan edib. Türkiyə 1991-ci ildə Sovetlərin dağılması nəticəsində müstəqillik elan etmiş üç Cənubi Qafqaz ölkəsini tanıdığı, hər üçü ilə sərhədlərini açdığı, Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurduğu halda, Ermənistan-Azərbaycan arasındakı problemlərdən dolayı İrəvanla diplomatik əlaqələr qurmayıb. Daha sonra Rusiyanın göstərişi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə cəhd göstərdi. Kəlbəcər işğal olunan zaman Türkiyə Ermənistanla açdığı sərhədləri bağlamalı oldu. 10 noyabr razılaşması ilə 7 dəmiryol xəttinin işğaldan azad edilməsi Türkiyənin Ermənistanla sərhəd qapılarını bağlamaq səbəbini aradan qaldırsa da, rəsmi Ankara bu məsələni Bakı ilə birlikdə dəyərləndirdiyi üçün daim yubatmaqdadır. Yəni Ermənistanla Azərbaycan və Türkiyə arasında sülhü təmin etmək üçün Türkiyənin sərhəd qapılarını nəzərə alır. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi son mərhələyə çatdığından, Paşinyan və Ərdoğanın bayram vasitəsilə görüşmələri yaxın günlərdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh sazişinin imzalanmasına mühüm töhfə verəcək. Bundan əlavə, yuxarıda əks olunan məlumatlara əsaslanaraq, sülh müqaviləsinin ilkin şərt olmadan imzalanmasının Soyuq Müharibə dövründə irəli sürülən səbəblərin artıq qüvvədə olmadığı və sülh üçün üçlü imzanın vacib olduğu anlaşılır”.